Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, qloballaşma şəraitində Azərbaycan dilinin imkanlarından dövrün tələblərinə uyğun istifadəni və ölkədə dilçiliyin inkişafını təmin etmək məqsədi ilə qərara alıram:

1. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).

2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramının həyata keçirilməsinə nəzarət və tədbirlərin icrası zamanı müvafiq təşkilatlarla işlərin əlaqələndirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin;
3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 aprel 2013-cü il.

 

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.