AZƏRBAYCAN DİLİNDƏ TERMİNOLOGİYANIN STANDARTLAŞDIRMA FORMALARININ TƏDQİQİ
Okt 16, 2015 | 12:26 /
Oxunub ( 6828 )

Terminoloji qat öz mahiyyətinə, işlənmə sahələrinə və xüsusiyyətlərinə görə ümumi lüğət tərkibinə daxil olan söz qruplarından, xüsusilə ümumişlək dil vahidlərindən öz xüsusi mövqeyinə, funksiyasına, mahiyyətinə və roluna görə fərqlənir. Bu fərqli xüsusiyyətlər, ümumdil hadisəsi olması, məfhumları və anlayışları adlandırması termini məntiq, psixologiya, dilçilik və digər bilik sahələri ilə əlaqələndirir. Lakin terminlərdə daha çox iki cəhət anlayış və onun dil işarəsi əsas götürülür, hansı forma, məzmun və quruluşa malik olmasından asılı olmayaraq onlar leksik dil elementi kimi özünü göstərir. Leksikanın bu xüsusi qatı bir çox məqamlarda özünəməxsus semantikası, sistemliliyi, strukturu və qanunları ilə ümumişlək leksikadan xeyli dərəcədə fərqlənir.Odur ki, professor Sayalı Sadıqovanın yeni nəşr olunan “Azərbaycan dilində terminologiyanın standartlaşdırma formaları” (Bakı, 2015, Elm, 484 səh.) əsəri zəngin müddəaları,elmi dəyəri ilə dilçilikdə mühüm hadisələrdən hesab edilməlidir. Çünki araşdırmalardan aydın olur ki, terminologoyanın unifikasiya və standartlaşdırma formalarının kompleks şəkildə araşdırılması dilçiliyin aktual problemlərindəndir. Belə ki, dilin terminoloji sisteminin formalaşması qanunauyğunluqları, terminyaratmanın forma və üsulları, mənbələri haqqında nəzəri ümumiləşdirmə xüsusi terminologiya üçün ümumi - nəzəri əsasları müəyyənləşdirir. Məhz bununla da ayrı-ayrı dillərin terminoloji sistemində, eləcə də sahə terminologiyalarında baş verən müxtəlif proses və hadisələr nəzəri şəkildə tədqiq edilmişdir.Terminlər adlandırdığı anlayışlarla bağlı olduğu kimi, anlayışlar da təfəkkürlə, cəmiyyətin inkişaf xüsusiyyətləri ilə bağlıdır. Ona görə də terminologiya, onun nəzəri və praktik problemləri oxşar dil hadisələri olmaqla cəmiyyətin inkişaf tempi ilə sıx şəkildə əlaqədardır. Təsadüfi deyil ki, istənilən elmin tarixi sahə ilə bağlı anlayış və terminlərin inkişaf tari-xini də özündə ehtiva edir. Bu baxımdan terminologiyanın inkişaf tarixi - milli problem olmayıb, həm də dünya elminin tarixi, ictimai-siyasi həyatın, ayrı-ayrı xalqların qarşılıqlı mədəni əlaqələr tarixi problemidir. Deməli, bütövlükdə dilin inkişafı cəmiyyətin inkişafı ilə sıx şəkildə bağlı olduğu kimi, onun nəticəsi olaraq dilin terminoloji qatının inkişafı da bilavasitə bu inkişaf və tərəqqi ilə bağlı olur.Monoqrafiyada da leksikoloji baxımdan terminlər onların ifadə etdiyi elmi - texniki anlayışlardan kənar anlayışın birbaşa ifadəçisi olan söz kimi, dil vahidi kimi araşdırılırsa, terminoloji baxımdan terminlər anlayışların mahiyyətindən çıxış edilərək, adlandırılan anlayışların aid olduğu sistemə uyğunluğuna, bu sistemdə anlayışın yerinin müəyyənləşdirilməsi kimi yanaşılır. Bütün hallarda terminlər elmi dilin vahidləri olmaqla terminologiyanın əsas obyekti kimi araşdırılır.Tədqiqatda ayrı-ayrı terminoloji məktəblərin təcrü-bəsinin ümumiləşdirilməsi, onların həll yollarının müəyyənləşdirilməsi terminologiyanın ümumi nəzəri problemlərinin həlli istiqamətində mühüm addımdır. Bu məsələlərə həm də ayrı-ayrı dillərin müxtəlif sahə ter-minologiyalarının formalaşması və onların termin yaradıcılıq prosesi də daxildir. Bu zaman dillərarası əlaqələrin məntiqi nəticəsi və tədqiqat obyektinin düzgün təhlili dil konstruksiyalarının işarə olunma imkanlarını üzə çıxarır. 
Monoqrafiya dörd fəsildən ibarətdir.Birinci fəsildə Müasir Azərbaycan dilində terminologiyanın inkişafı, terminologiyanın aktual problemləri, müstəqillik illərində termin yaradıcılığının spesifik xüsusiyyətləri, dillərin qarşılıqlı əlaqədə inkişafı, Azərbaycan dilinin zənginləşməsində alınmaların rolu geniş şəkildə təhlil olunmuşdur. Xüsusilə, sahə terminlərinin yaranmasının spesifik xüsusiyyətlər müəyyənləşdirilərək yazılır:“sahədən kənarda həmin sa-həyə aid termin yarana bilməz; sahə terminləri onun baza anlayışlarının təyini prosesində yaranmağa başlayır və sahənin sonrakı inkişafı ilə artır; sahənin bir anlayışı digərlərinə əsasən təyin edildiyinə görə sahəyə aid terminin müəy-yənləşməsində kontekstdə həmin terminoloji sahənin başqa vahidləri də iştirak edir; sahəyə aid anlayışların dəqiqləşdirilməsi prosesində terminin dəyişməsi və terminin yeni variantlarının yaranması hadisəsi baş verə bilər”. Onu da qeyd etmək lazımdır ki, terminlər dilin xüsusi funksiya daşıyan sözləridir. Belə ki, dilin leksik sistemi bütövlükdə götürüldükdə iyerarxik ardıcıllıqla düzülmüş spesifik səviyyələrə malik müxtəlif sistemlərin toplusudur. Bu sistemdə dilin ümumi leksikası, onun müəyyən bir hissəsini təşkil edən xüsusi leksika və bu leksik qatın müəyyən bir qismini özündə birləşdirən terminoloji leksika bir-birini tamamlayır. 
Monoqrafiyada terminologiyanın mübahisə obyekti olan məsələlərdən biri kimi elmi dillə ədəbi dil arasındakı münasibətin dəqiqləşdirilməsidir. Bununla bağlı elmi dildə əsas fərqləndirici cəhətlər - elmi dilin nizamlılığı və işlənməsi, normativlik və kodlaşdırılma, sabitlik, peşə kollektivinin hamısı üçün məc-burilik, xüsusi kommunikasiyanı təmin edən universallıq problemləri aydınlaşdırılmışdır. 
Cəmiyyətin inkişafı ilə bağlı olaraq dilin lüğət tərkibi daim dəyişir, yeniləşir və zənginləşir. Ayrı-ayrı sahələrdə müşahidə olunan hər bir yeniləşmə cəmiyyətin üzvi atributlarından biri olan dildə bu yeniləşməyə uyğun olaraq adekvat reaksiyanın yaranmasına, tərəqqi ilə əlaqədar olaraq meydana çıxan yeni anlayış və məfhumların adlandırılması yeni leksik vahidlərin əmələ gəlməsinə səbəb olur. Başqa sözlə desək, bu və ya digər elmin inkişafı öyrənilən obyektin ayrı-ayrı anlayışlarının adlandırılmasına xidmət edən xüsusi sözlərin yaranmasını zəruriləşdirir. Məlumdur ki, texnikanın tarixən inkişaf etmiş sahə-lərində Azərbaycan dilinin terminologiyası kifayət qədər formalaşmışdır. Lakin bir çox terminoloji sahələr vardır ki, bu sahələr üzrə terminoloji vahidlər - terminlər son dövrlərdə yaranmağa başlamışdır ki, bu da həmin sahələrin özünün yenicə formalaşması ilə bağlıdır. Bu zaman yeni anlayışların adlandırılmasında termin müxtəlifliyi,paralelizmlər yaranır. Ona görə də ümumi dilçilikdə terminologiya ilə bağlı çoxlu sayda tədqiqat işlərinin aparıl-masına baxmayaraq, terminologiyanın standartlaşdırma problemi ən aktual problemlərdəndir. Monoqrafiyada da ilk dəfə olaraq Azərbaycan dilində terminologiyanın nizamasalma,unifikasiya problemləri nəzəri aspektdən təhlil edilir.Bu məsələnin həlli vahid beynəlxalq terminologiyanın yaradılmasına şərait yaradır, həm də elmlərin inkişafına təkan verir. Elmlərin inteqrasiyası, elmi biliklərin müxtəlif istiqamətdə inkişafı, elmi təcrübə informasiyalarının asanlıqla yayılması, başa düşülməsi üçün vahid terminoloji bazaya üstünlük verilməlidir. Elmi-texniki, ictimai-iqtisadi və mədəni həyatda baş verən yeni-ləşmələr daim yeniləşən və zənginləşən terminologiyada daha qabarıq müşahidə olunur. Başqa dillərdə olduğu kimi Azərbaycan dilində də terminologiyanın yaradılması və zənginləşdirilməsi üçün ən əlverişli yol dilin daxili imkanları əsasında terminlərin, termin-söz birləşmələrinin yaradılmasıdır. Əsərdə bu problemlərin təhlili sahə terminologiyalarının formalaşması üçün yeni istiqamətlər verir. Bununla yanaşı termin yaradıcılığının mənbələri nəzəri aspektdə araşdırılaraq yazılır ki,hər bir dildə, o cümlədən də Azərbaycan dilində terminlərin yaranması prosesi əsasən iki istiqamətdə gedir. Bunlardan biri dilin lüğət tərkibindən istifadə etmək, ikincisi isə elmi terminlərin alınmasıdır. Bununla yanaşı zəngin faktlarla əsaslandırılır ki, Azərbaycan dilində müxtəlif elm sahələrinə aid terminoloji baza dilin öz daxili imkanlarından əlavə rus və Avropa dillərindən alınmış beynəlxalq terminlər əsasında formalaşmışdır. Bu müəyyən mənada müstəqil türk dilli dövlətlərin ortaq elmi terminologiyaya malikliyini şərtləndirir. Belə ki, türk dilləri üçün ortaq terminoloji bazanın yaradılması bu gün üçün aktual olan bir məsələdir. Dilimizdə müxtəlif dillərdən alınan beynəlxalq terminlərin sayı gündən-günə artır.Tədqiqatda qeyd edildiyi kimi, ortaq terminoloji bazanın yaradılmasını da bu cəhət zəruriləşdirir. Belə ki, təyin edilmiş dillərin hər birinin müxtəlif sahələrə aid terminləri seçilməlidir. Anlayışı dəqiq ifadə edən terminlər ortaq türk dilləri üçün qəbul olunmalıdır. Müəllif qeyd edir ki,belə bir məsələnin həlli terminologiyanın standartlaşdırılması üçün şərait yaradır. Bu prosesi həyata keçirməkdə standartlaşma üçün tələb olunan normaları müəyyənləşdirmək vacibdir. Müəllifin əsaslandırdığı kimi standart terminin müəyyənləşməsi anla-yışın kafi və zəruri əlamətlərinin ödənilməsi və texnoloji prosesin düzgün ifadə edilməsi ilə bağlı olmalıdır. Anlayışın zəruri və kafi əlamətləri isə elə seçil-məlidir ki, anlayış təyin olunandan sonra yaranan terminlər də həmin əlamətlərə görə sistemə daxil ola bilsin. Yaranan terminlər dilin qrammatik qayda-qanunlarına uyğun olmaqla bərabər anlayışı da məntiqi cəhətdən düzgün təyin etməlidir. 
Qloballaşma şəraitində yeni terminlərin yaranması üçün termin yaradıcılığının istiqamətlərinin müəyyənləşdirilməsi zəruridir. Bu baxımdan tədqiqatda termin yaradıcılığı geniş şəkildə təhlil edilərək yazılır ki,dilin daxili imkanları əsasında termin yaratma meyili daha da artmışdır. Bunun üçün Azər-baycan dilinin geniş funksional imkanları vardır. Tədqiqat göstərir ki, bu gün dilin daxili imkanları əsasında yaranan terminlər terminoloji bazanın əsas hissəsini təşkil edir. Müəllif yazır: “Hazırda dilin daxili imkanları hesabına yaranan terminlər aşağıdakı yollarla - ümumişlək sözlərə əlavə məna verməklə, dialekt və şivə sözlərindən istifadə etməklə, köhnəlmiş sözlərin dilə qaytarılması, milli və alınma sözlərə şəkilçi artırmaqla iki və daha artıq sözün birləşməsi ilə əmələ gəlir (səh.26).” 
O da qeyd edilir ki, milli termin yaradıcılığı ümumi ədəbi dilə əsaslanma-lıdır. Bu terminlərin asan başa düşülməsinə, tələffüzünə, tez yadda qalmasına, termin yaradıcılıq prosesinə müsbət təsir edir. Xüsusən, ümumxalq dili termin yaradıcılığı üçün münbit mənbə sayılmalıdır.Terminləşmə prosesində terminin semantikasındakı dəyişmələri aşağıdakı kimi qruplaşdırılmışdır: mənanın köçürülməsi, mənanın genişlənməsi, mənanın dəqiqləşməsi. Terminologiyada özünü göstərən bu spesifik cəhət – elmlərin inkişafı, onların inteqrasiyası və diferensiyası prosesi ilə bağlıdır. Diferensiasiya zamanı bir sahəyə aid terminlərin yeni yaranmış sahədə işlənməsi ilkin mərhələdə geniş şəkildə müşahidə olunur. Bununla yanaşı qeyd edilir ki, yaranan hər yeni anlayışın daxili imkanlar hesabına müəyyən terminlə ifadə edilməsi mümkünsüzdür. Beləliklə müəyyənləşdirilir ki, terminoloji layın mühüm bir hissəsi dilin daxili imkanları hesabına yeni terminlər yaradılır və bu proses termin yaradıcılığında əsas istiqamətlərdən biri olmuşdur. Çünki hər bir dilin lüğət tərkibinin əsas hissəsini təşkil edən terminoloji qat alınma sözlər hesabına deyil, milli termin-lərin yaradılması hesabına zənginləşir. 
İkinci fəsil “Azərbaycan dilinin terminologiyasında leksik paralellər” adlanır. Bu fəsildə leksik parellər,sinonimlər,onların yaranma zərurəti zəngin faktlarla təhlil edilir.Çünki sinonim cərgəyə daxil olan hər bir sinonim sözün məna çaları və üslubi çalarına görə nitqdə istifadə məqamı vardır, yəni eyni an-layışı bildirən sinonimlər ona müxtəlif tərəfdən qiymət verir. Sinonim sözlərin əsas xüsusiyyəti eyni məfhumu müxtəlif üslubi boyalar və çalarla ifadə et-məsidir. Odur ki, bir çoxmənalı söz müştərək şəkildə leksemə münasib bir necə sözə sinonim ola bilir. Lakin əsərdə müəyyənləşdirilir ki, leksik paralellər elmi-texniki anlayışları ifadə etdiklərinə görə üslubi çalarlardan, emosionallıqdan, çoxmənalılıqdan uzaqdır. Sinonim leksik münasibətlərdə də çox işləkdir. Bu da həmin sözlərin leksik semantik cəhətdən tam mənimsənilməsi üçün əsas amillərdən biri kimi özünü göstərir. Ümumiyyətlə, alınma sözlər vasitəsilə dublet cərgələr dilimizdə az deyildir. Hər bir dubletdə iki cəhət var: birinci cəhət sinonimin ümumi xarakterli olmasıdır ki, bu da onu başqa sözlərlə paralel sırada qoyur. Bu paralel sırada dayanan sözlərdən biri də Avropa mənşəli alın-malardır. Göstərilən xüsusiyyətlər terminologiyada dubletlərin, leksik paralellərin mövcudluğunu əks etdirir. Bunlar nəzərə alınaraq qeyd edilir ki,hər bir dubletdə iki cəhət var- birinci cəhət dubletin ümumi xarakterli olmasıdır ki, bu da onu başqa sözlərlə paralel sırada qoyur. Alınma sözün işarələdiyi məfhu-mun nominasiyasına xidmət edən leksik vahidin mövcudluğu şəraitində yaranan semantik paralellik halları birincinin (alınma sözün) iki məqamında - alınma sözün aid olduğu dilin intensiv leksik interferensiya cəhdləri qarşısında loyallığın nəticəsi kimi və interleksem kimi aktiv işləkliyi səbəbindən müvazi formanın məqsədə müvafiqliyinin nəticəsi kimi mümkün olur.
Əsərdə bu anlayışların özü təhlil süzgəcindən keçirilərək yazılır ki, “leksik paralelizm” və ya “leksik paralellər” terminlərinin mətn dilçiliyi sahəsində interpretasiyasından fərqli olaraq, leksikologiyadakı “leksik paralelizm” fərqli şəkildə nəzərdən keçirilməlidir. Belə ki, bu müstəvidə həm sistemdaxili semantik paralellər, həm də sistemlər arası müvazilik halları nəzərə alınır. Birincilər (semantik paralellər) bir çox halda dublet anlayışı ilə eyniyyət şəklində təqdim edilir. Lakin dillərarası leksik parallelizm faktları dubletlərdən daha geniş və daha fərqli hadisəni bildirir. Dubletləri ehtiva etsə də, dubletlərlə leksik paralelizm hadisəsi arasında bərabərlik işarəsi qoymaq olmaz”. Mahiyyət etibarilə, leksik səviyyədə cərəyan edən bu proseslərin əlaqəliliyi semantik paralelliklərdə də (yəni, sistemdaxili paralellikləri ehtiva edən dub-letlərdə də) özünü əyani şəkildə büruzə verməsi aydınlaşdırılır. Belə ki, inter-leksemlər bir çox hallarda, sistemdaxili semantik paralelizm situasiyalarını formalaşdırmış olur. Paralellər eyni məfhumun müxtəlif sözlərlə ifadəsinin xü-susi növləridir. Bunlar əsasən milli dilin sözləri və alınma sözlərdən ibarət olur. Bir məqam isə, buradakı paralellizmin eyni sistem daxilində formalaşan, lakin digər tərəfdən sistemlərarası paralellik faktlarının (yəni, interleksemlərin) təsiri ilə yaranan dil faktlarını əhatə etməsi ilə bağlıdır. Yəni, burada istər daxili, istərsə də dillərarası müvazilik faktlarının əlaqəli mövcudluğu ola bilir. Azər-baycan dilinin eləcə də digər türk dillərinin leksik sistemində yer alan paralel-liklərin müəyyənləşdirilməsi üçün tətbiq edilən təhlil standartları üçün müəyyən qruplaşdırmanın aparılması zərurəti yaranır. Bu baxımdan, terminologiyada sistemdaxili və sistemlərarası leksik paralellizmlər fərqləndirilir və onlar da öz növbəsində altqruplara ayrılır. Belə ki, bu müstəvidə nəzərdən keçirilən leksik paralellər semantik paralelizmləri ehtiva edir. Lakin, onlar eyni və ya oxşar fonetik cildə malik olmasalar da, eyni və ya maksimal səviyyədə yaxın semantik məna tutumuna malik olurlar. Tədqiqatdan aydın olur ki,terminologi-yada paralellik əslində terminoloji sistemin formalaşması dövrünün tələbi ilə meydana çıxır və nəticədə müəyyən dövrdə müsbət hadisə kimi qiymətləndirilməlidir. Amma müəllifin göstərdiyi kimi istər təşəkkül mər-hələsini keçirən, istərsə də inkişaf etmiş terminoloji sistemdə müxtəlif variantlara malik terminlərin varlığı terminologiyada qüsurlu cəhət sayılmalıdır. Paralellərdən hansının işlədilməsi, elmi mübadilə zamanı anlaşıl-mazlıq törədəcək halların aradan qaldırılması, terminin standartlaşmaya doğru inkişafının ləngiməsi və s. şərtlər terminoloji sistemin ümumi qüsurları hesab edilməlidir. Formalaşma mərhələsini keçirən terminoloji sistemdə isə paralellərin varlığı həmin sistemin qaydaya, nizama salınmasını tələb edir. Monoqrafiyada paralelləri doğuran səbəblər, aradan qaldırılması yolları zəngin faktlarla araşdırılır. 
Üçüncü fəsil “Azərbaycan dilində terminologiyanın unifikasiyası və standartlaşdırılması” adlanır. Bu baxımdan terminologiyanın nizama salınması müvafiq sahə anlayışlarının müəyyənləşdirilməsi və müəyyən sistemə gətirilməsini əhatə edir. Hər bir sahənin inkişafı onun anlayışlarının sistemə salınması ilə birbaşa əlaqədardır. Anlayışların qruplaşdırılması prosesində terminin müəyyənləşdirilməsi prosesi nəzərə alınır. Terminologiyada termin müxtəlifliyi dublet və omonim terminlərin yaranmasına səbəb olur. Eyni zamanda bir sıra terminlərin anlayışa uyğun gəlməməsi onların yeni terminlə əvəz olunmasını tələb edir. Terminlə anlayış arasındakı uyğunluqlar nəzərə alınmalıdır. Terminologiyadakı qanunauyğunluqlar da əksər hallarda dilin ümumi qanunlarına tabe olur. Ayrı-ayrı milli dillərdə müxtəlif elmi-texniki an-layışlar sisteminin terminlərdə əks olunması, onların dəqiq şəkildə bir-birindən fərqləndirilməsi və anlaşıqlı şəkildə adlandırılması hər bir dilin daxili imkan-larına uyğundur. Bu qanunauyğunluqlara görə anlayışların adları dünya dillərində bir-birindən fərqlənir. Müəllif yazır: “Terminologiyada sistemlilik həm ekstralinqvistik, həm də linqvistik xüsusiyyətlərinə görə təşkil olunmalı, dilin quruluşu və qrammatik xüsusiyyətləri nəzərə alınmalıdır. Ekstralinqvistik cəhət özünü anlayışların təsnifat sisteminin quruluşunda göstərirsə, linqvistik baxımdan morfoloji quruluş, termin elementlərin düzülüşü və terminlərin məna yaxınlıqlarının tənzimlənməsi əsas götürülür. Buna görə də termin terminoloji sistemin tələblərindən irəli gələn prinsip və şərtlər zəminində yaradılmalıdır” (səh.125). Elm və texnikanın müəyyən sahəsində anlayışlar sisteminin termin və təriflərinin standartlarının işlənib hazırlanması bir və ya bir neçə sahənin normativ sənədlərində istifadə olunan terminlər, eləcə də təriflərlə bağlı aparılır. Standartların işlənib hazırlanması, təsdiqi bu sahələrin normativ sənədlərində istifadə edilən terminlərin ikili şərhini, təsfirini aradan qaldırır, mübahisəli məsələlərin həllinə yardım göstərir. Aydındır ki, terminlərin nizama salınması onların toplanması, siyahıya alınması və nəhayət lüğətin tərtibi ilə bilavasitə bağlıdır. Belə ki, dilin leksik tərkibinin mühüm hissəsini təşkil edən terminologiyanın sürətli inkişafı, dilçiliyin müstəqil bir sahəsi kimi formalaşması və onunla bağlı problemlərin ekstralinqvistik xarakter daşıması, məntiqlə, fəlsəfə ilə, eləcə də digər elm sahələri ilə qarşılıqlı əlaqəsi problemə kompleks şəkildə yanaşmağı tələb edir. Dilçilikdə terminlərə leksik-semantik və qrammatik baxımdan verilən tələblər, onların geneoloji tərkibi, struktur-se-mantik, leksik-qrammatik xüsusiyyətləri, geniş təhlil olunması terminolo-giyanın nizama salınması işini asanlaşdırır. Beləliklə, monoqrafiyada terminologiyanın standartlaşdırılması prosesi üç mərhələdən-terminologiyanın inventarlaşdırılması, terminologiyanın nizama salınması, terminologiyanın unifikasiyasından ibarət olması nəticəsinə gəlinir.
Tədqiqatda qeyd edildiyi kimi terminologiyanın unifikasiyası ilə ter-minologiyanın nizama salınması məsələləri bəzi nöqtələrdə kəsişirlər. Kəsişmə hər iki mərhələdə oxşar və ya eyni işlərin görülməsinin mümkünlüyü göstərilir. Bununla yanaşı bu prosesin mərhələləri dəqiqləşdirilir. Terminologiyanın standartlaşdırılması üçün nizamasalma, unifikasiya başa çatdıqdan sonra müvafiq terminologiyanın standartlaşdırılması həyata keçirilir. Termino-logiyanın standartlaşdırılması üzrə işin son nəticəsi dövlət standartının təsdiqidir. Bu və ya digər sahəyə aid olan dövlət standartı hüquqi olmasa da, məcburi səciyyə daşıyır. Standartlaşdırma terminoloji sistem üzrə son təsdiqləyici iş kimi fərqli cəhətlərə malikdir. Adətən sahə, sahələrarası və s. terminologiyaların tam unifikasiya olunmuş sistemləri standartlaşdırılır. Terminologiyanın tam unifikasiyası prosesi isə terminlər qrupu və tək terminlərə də aid olur. Bir və ya bir neçə terminin unifikasiyası onların müəyyən tip və modelə uyğunlaşdırılması məqsədilə aparılır. Standartın forması və quruluşu standartlar haqqında qanunda müəyyənləşdirilir.
S.Sadqova yazır: “Standartların hazırlanması normativ sənədlərin tərtibi və təsdiqi mərhələlərini əhatə edir. Standartlaşdırma təkcə terminin düzgün variantının seçilməsi ilə məhdudlaşmır. Terminin qeyri-standart variantlarının qeydə alınması, onun əsas dillərə tərcümələrinin tapılması, simvolik işarəsi, hərfi işarəsi də normativ sənəddə əksini tapmalıdır. Bütün bunlar isə, terminolo-giyanın nizama salınması və unifikasiyası prosesində əldə olunmuş materialların standartlaşdırma zamanı geniş şəkildə istifadə edilməsini göstərir”(229). 
Dördüncü fəsil “Terminologiyanın unifikasiyasının terminoloji lüğətlərdə əksi” adlanır. Monoqrafiyada qeyd edilir ki, nizama salınma prosesinin son nəticəsi sahələrin termin sistemini tam əhatə edən, sahədəki mövcud vəziyyəti bütünlüklə özündə əks etdirən terminoloji lüğətlərin hazırlanmasıdır. Lüğətlərin tərtibi zamanı terminoloji məna haqqında yanlış təsəvvür yaradan terminlər dəqiqləşdirilməli, dəqiqlik dərəcəsi daha yüksək olan terminlərin qeydə alınmasına üstünlük verilməsi xüsusi qeyd edilir. Bu səbəbdən də terminlərin nizama salınmasında çoxmənalılığın aradan qaldırılması mühüm mərhələlərdən biri sayılır. Bu əməliyyatda əsas məqsəd terminin mümkün mənalarını müəyyənləşdirməkdən ibarətdir. Prosesin sonrakı mərhələlərində isə çoxmənalı terminlərin əsas terminoloji mənası təyin edilir. Bu isə onu göstərir ki, terminlərin nizama salınması prosesində çoxmənalılığı aradan qaldırmaq mümkün deyil və bu proses sonrakı mərhələyə saxlanılır. Terminlərin nizama salınması prosesində sahə terminologiyasının əsas hissəsi müəyyənləşir.
Tədqiqatda göstərilir ki,nizamasalma zamanı dublet cərgədən digər va-riantlar atılır və əsas variant saxlanılır. Bu zaman daha geniş əhatə dairəsinə malik və daha asan anlaşılan termin saxlanılmalıdır. Konkret halda terminlərin nizama salınmasına xidmət edən terminoloji lüğətlər üçün sözlük hazırlanmalıdır. Terminlərin nizama salınması prosesində hazırlanan lüğətlər müəyyən sahə terminlərini özündə birləşdirməlidir. 
Terminoloji lüğətlər, əsasən, birdilli və çoxdilli olmaqla iki qrupa ayrılır. Birdilli terminoloji lüğətlər daha çox izah xarakterli lüğətlərdir ki, bu lüğətlərdə konkret sahə ilə bağlı terminlər və onların izahı verilir. Aydındır ki, əsas məsələ terminlərin Azərbaycan dilində təyin edilməsi, müəyyənləşdirilməsidir. Bütöv-lükdə terminologiyanın formalaşmasına təsir edən amillərə, terminoloji sisteminə, anlayışların hər birinin təyininə, terminlərin sahələr üzrə inkişafına, eləcə də terminoloji lüğətlərin hazırlanmasına xüsusi fikir verilməsi araşdırılır.
Bu dövrdə nəşr olunan terminoloji lüğətləri qarşıya qoyulan məqsədlə əlaqədar üç qrupa ayrılmışdır: ikidilli terminoloji lüğətlər, çoxdilli terminoloji lüğətlər, izahlı terminoloji lüğətlər.
Qloballaşma dövründə terminologiya sürətli inkişaf dövrünü yaşayır. Əlbəttə sahələrin sayının artması elmi-texniki tərəqqi ilə bağlıdır. Çünki dil cəmiyyətlə bağlı olan ictimai hadisədir. Ona görə də cəmiyyətdə, ictimai həyatda, elmi-texniki tərəqqidə baş verən hər bir hadisə, elmi yeniliklər dildə öz əksini tapır. Beləliklə, cəmiyyət üzvləri arasında ünsiyyətin həyata keçiril-məsində əsas vasitə kimi çıxış edən dil, bu cəmiyyətin müxtəlif sosial sferalarına məxsus kollektivlərin təsiri altında inkişaf edir. Sosial quruluşun dillə əlaqəsi, sosial təbəqələr və onları birləşdirən bütün elementlərlə vəhdət yaradır. Lakin bu amillər eyni dilin daşıyıcıları arasındakı ünsiyyət imkanlarını pozmur, onların bir-birini anlamasına əsaslı şəkildə mane olmur. Bütün bunlar terminologiyanın inkişafının daim nə-zarət altında olmasını tələb edir. Dildə diferensiasiya həm cəmiyyətdə təbəqələşmənin nəticəsi, həm də dil əlaqələrinin inkişaf xüsusiyyətləri ilə bağ-lıdır. Dil daşıyıcıları müxtəlif təbəqələri təmsil etsələr də, müasir dövrdə onlar müxtəlif sahələrə aid biliklərə malikdirlər. Eyni zamanda dövrün tələbi kimi meydana çıxan cəhətlərdən biri də odur ki, bir çox işlərdə ayrı-ayrı sahələr üzrə bilikləri mənimsəmək zəruridir. Bu baxımdan elmlərin terminoloji sistemlərində zənginləşmə və inkişafın daha intensiv şəkil alması standatlaşdırma işlərinin aparılmasını zəruriləşdirir. Sahə mütəxəssislərinin və müxtəlif elmlərin qovşağında yaranan yeni sahələrə müraciət edən tədqiqatçıların bir-birinin işlərini başa düşməsi üçün terminoloji səviyyədə heç bir çətinlik olmamalıdır. Lakin hər bir elmi araşdırmada terminoloji bazaya müəllif mövqeyi özünü aydın göstərir. Bu da elm sahələrinin terminologiyası ilə bağlı problemlər yaratmaqdadır. Bu problemlərin ümumi dairəsinə aşağıdakılar - terminlərin nizama salınması və sistemləşdirilməsinin zəif aparılması, terminlərdə çoxmənalılıq və onların şərhində fərqlilik, fərdi və ya müəllif termin yaradıcılığı meylinin güclənməsi; son dövrlərdə genişlənmiş “nominasiya partlayışı” və onunla bağlı olaraq elmi kontekstdə sözlərdən, terminlərdən istifadə zamanı dəqiqliyin, eləcə də normativliyin zəifləməsi; elm sahələrinin inteqrativliyinin artması; terminalma proseslərinin tənzimlənməməsi daxil edilmişdir. Bununla yanaşı, bəzi məsələlərin həllində müəyyən dillərdə terminologiyada gedən prosesləri tənzimləyən qurumların təsiri vardır. Göründüyü kimi, Azərbaycan dilinin dövlət dili statusu alması, müstəqil və yeni təhsil sisteminin yaradılması, bazar iqtisadiyyatına keçid, qloballaşma şəraitində terminologiyanın inkişafına daha da təkan verir. Buna görə də dilin lüğət tərkibinin ən çevık hissəsi olan terminologiya daim nəzarətdə olmalıdır. Lakin terminlərin dəqiqləşdirilməsi və qəbul edilməsi prosesi müasir dövrdə terminlərdən istifadə olunması və yeni termin yaradıcılığı prosesini qabaqlaya bilmir. Hazırkı informasiya mübadiləsi prosesinin ifrat sürətliliyi buna mane olur. Buna görə də, dildə terminolo-giyada baş verən proseslərdən ən əsası yeni terminlərin yaranması və onların termin yaradıcılığında rolu nəzərə alınmalıdır.Bütövlükdə, monoqrafiyada Azərbaycan dilində terminologiyanın aktual problemləri –zənginləşmə və inkişaf yolları,terminoloji sistemin inkişaf istiqamətlərinin məntiqi-linqvistik əsasları tədqiq edilmiş, unifikasiya və standartlaşdırma formaları nəzəri və praktik cəhətdən linqvistik təhlilə cəlb olunmuşdur. Professor S.Sadıqovanın “Azərbaycan dilində terminologiyanın standartlaşdırma formaları” monoqrafiyası məxəz və faktların zənginliyi, mühakimələrin inandırıcılığı ilə seçilir. Müasir dilçiliyin ən perspektivli sahələrindən birinə -terminologiyaya həsr edilmiş,əhatə dairəsi və yüksək elmiliyi ilə seçilən, poliqrafik baxımdan da yüksək səviyyədə nəşr olunan bu əsər həm nəzəri dilçilik, həm də türkologiya üçün dəyərli mənbədir.

Filologiya üzrə elmlər doktoru İdris Abbasov

Filologiya üzrə fəlsəfə doktoru Solmaz Süleymanova

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.