TERMİNOLOGİYA MƏSƏLƏLƏRİ №2
Dek 26, 2018 | 02:43 /
Oxunub ( 3523 )

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR 

KABİNETİ YANINDA

TERMİNOLOGİYA KOMİSSİYASI

 
   

 

 

 

 

 

 

TERMİNOLOGİYA

MƏSƏLƏLƏRİ

 

№2

 

 

 

Toplu Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən rəsmi qeydiyyata alınmışdır.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mətbu nəşrlərin reyestrinə daxil edilmişdir. Reyestr №3362

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı – «Elm» – 2018

 

 

BAŞ REDAKTOR:    akademik  AKİF ƏLİZADƏ

REDAKTOR:             professor  SAYALI  SADIQOVA

 

 

 

REDAKSİYA HEYƏTİ: akademik İsa Həbib­bəyli, akademik İb­rahim Quliyev, akademik Ka­mal Abdullayev, akademik Tofiq Nağıyev, aka­demik Rasim Əliquliyev, aka­de­mik Dilqəm Tağıyev, akademik Əhliman Əmiraslanov, akademik Teymur Kərimli, Azər­baycan Yazıçılar Birliyinin sədri Anar Rza­yev, akademik Vasim Məmmədəliyev, akademik Rəfael Hü­seynov, aka­demik Nailə Vəli­xanlı, akademik Ramiz Məmmədov, akademik Möh­sün Na­ğı­soy­lu, akademik Ni­zami Cəfərov, akademik Muxtar İmanov, AMEA-nın müxbir üzvü Ərtəgin Salamzadə (məsul katib S.Quliyeva)

 

 

Terminologiya məsələləri. Bakı, Elm, 2018, 276 səh.

 

 

ISBN 5-8066-1711-4

 

 

460200000

655(07)-2018

 

 

 

Ünvan: Bakı şəh., H.Cavid prospekti 115, 5-ci mərtəbə,

Azər­bay­can Milli Elmlər Akademiyası, Nəsimi adına Dilçilik

İnsti­tu­tu, “Ter­­mi­no­lo­gi­ya məsələləri”. əlaqə: (012)510-20-56;

http://www.terminologiya.org, e-mail sayalisadıgova@ yahoo.com.

 

 

 

 

 

 

 

© «Elm» nəşriyyatı, 2018

 

 

ÖN SÖZ

 

Elm sahələrinin inteqrasiyası, elmi biliklərin müxtəlif istiqa­mət­lər­də inkişafı, xarici dövlətlərlə yaradılan ictimai-siyasi əlaqə­lə­rin güclən­mə­si terminoloji bazanın zənginləşməsinə təsir göstərir. Bu proses Azər­­bay­can dilində işlənən, o cümlədən yeni yaranan termin­lərin toplan­ma­sı­nı, aprobasiyası və tətbiqinin sürətləndirilməsini, dilimiz­dəki elmi-tex­ni­ki anlayışların vahid sistem əsasında təkmilləş­di­ril­­məsini tələb edir. Lakin, terminolo­giyada terminlərin müxtəlif şəkildə tədqiqi zamanı mey­dana çıxan fərqli fikirlər onun obyektini, məqsəd və vəzifələrini müəy­yən­ləş­dirərkən fikir ayrılıqlarının yaranmasına səbəb olur. Çünki dilin ümumi leksik sisteminin müəyyən funksiya daşıyan söz qruplarına bö­lün­məsi zamanı dəqiq və aydın olunmuş meyarlar, onların qruplaş­dı­rıl­masında vahid prinsiplər hələ də tam və qəti şəkildə müəyyənləş­di­ril­məmişdir. Terminoloji leksika ilə bağlı müxtəlif baxışlar mövcud olsa da, dilçilikdə daha çox qəbul edilən aparıcı fikir və əsas prinsip odur ki, ter­min dilin ümumi lüğət tərkibinin xüsusi bir hissəsi olmaqla onun qa­nunlarına əsaslanaraq formalaşan və inkişaf edən leksik qatını təşkil edir. Leksi­ka­nın mühüm bir hissəsini təşkil edən bu qat bəzən xüsusi (ayrıca) leksika da adlandırılır. Çünki dilin leksikasına daxil olan hər bir sahə termi­no­lo­giyası özünəməxsus vahidlərə malikdir və onların mənası da bilavasitə aid olduqları sahələrdə müəyyən edilir. Bu sahə terminləri də bütövlükdə dilin terminoloji sistemini təşkil edir. Terminoloji sistemə daxil olan terminlər bilavasitə həmin sahələrə aid olan anlayışları ifadə edir və onların mənası sahə mütəxəssislərinə daha çox aydın olur. İstə­ni­lən elmi, texniki sahələr ilk növbədə anlayışlar sistemidir və bu anlayış­ları dil va­hidləri ilə - terminlərlə işarə etmədən, yəni adlan­dırmadan hə­min an­la­yışları müəyyənləşdirmək, izah etmək, mahiyyətini anlamaq sadəcə ola­raq mümkün deyildir. Bu da onunla nəticələnir ki, bu və ya digər bilik, elm, texnika sahələrinə nüfuz etmək, onun mahiyyətini an­la­maq üçün bu sahələrlə bağlı anlayış və məfhumların işarələri - terminləri yaranır. Bu leksik qat öz mahiyyətinə, işlənmə  sahələrinə və xüsusiyyət­lərinə görə ümumi lüğət tərkibinə daxil olan söz qruplarından, xüsusilə ümumişlək dil vahidlərindən öz xüsusi mövqeyinə, funksi­ya­sına, ma­hiy­yətinə və roluna görə fərqlənir. Bu fərqli xüsusiyyətlər, ümumdil hadi­səsi olması, məfhumları və anlayışları adlandırması və s. termini məntiq, psi­xo­lo­giya, dilçilik və digər bilik sahələri ilə əlaqələndirir. Lakin  ter­min­lərdə daha çox iki cəhət anlayış və onun dil işarəsi əsas götürülür, han­sı forma, məzmun və quruluşa malik olmasından asılı olmayaraq onlar leksik dil elementi kimi özünü göstərir. Leksikanın bu xüsusi qatı bir çox məqam­lar­da özünə­məxsus semantikası, sistemliliyi, strukturu və qa­nunları ilə ümum­işlək leksi­ka­dan xeyli dərəcədə fərqlənir.

Dilin terminoloji sisteminin formalaşması qanunauyğunluqları, ter­mi­nyaratmanın forma və üsulları, mənbələri haqqında nəzəri ümumi­ləş­­dirmə xüsusi terminologiya üçün ümumi - nəzəri əsasları müəyyən­ləş­­di­rir. Məhz bununla da ayrı-ayrı dillərin terminoloji sis­te­min­­də, eləcə də sa­hə terminologiyalarında baş verən müxtəlif proses və hadisə­lə­rin  nə­zə­ri şəkildə öyrənilməsi ən aktual problem­lər­dən­dir. Çünki ter­min­­lər ad­lan­­dırdığı anlayışlarla bağlı olduğu kimi, anlayışlar da təfək­kür­lə, cə­miy­yə­tin inkişaf xüsusiyyətləri ilə bağlıdır. Ona görə də terminologiya, onun nə­zəri və praktik problemləri oxşar dil hadisələri olmaqla cə­miy­yətin in­ki­şaf tempi ilə sıx şəkildə əlaqədardır. Bu baxım­dan  termin və ter­mi­no­lo­giya problemi ümumi dilçilik nəzəriy­yə­sinə daxildir. Bütün hal­larda  ter­­minlər elmi dilin vahidləri olmaqla terminologiyada öyrə­ni­lir. Ona gö­rə də terminoloqların tədqiqatında bu məsələlərin kompleks şə­kildə araş­dı­rılması dilçiliyin aktual problem­lə­rin­­dəndir. Ayrı-ayrı ter­mi­noloji mək­təb­lərin təcrübəsinin ümumi­ləş­dirilməsi, onların həll yol­larının müəy­yən­­ləşdirilməsi termino­lo­gi­­­ya­nın ümumi nəzəri əsaslarını tə­ş­kil edir. Bu mə­sələlərə həm də ayrı-ayrı dillərin müxtəlif sahə ter­mi­no­lo­giyalarının for­malaşması və on­ların termin yaradıcılıq prosesi də da­xil­dir. Bu zaman dillərarası əla­qə­­lərin məntiqi nəticəsi və tədqiqat ob­yek­tinin düzgün təh­lili dil konstruk­si­ya­la­rı­nın işarə olunma imkanlarını üzə çıxarır.                  

                  

                                                               

          REDAKTORDAN

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Möhsün Nağısoylu

AMEA-nın həqiqi üzvü,

dr_mohsun@yahoo.com

 

ŞƏKİLÇİLƏŞMİŞ QOŞMA OLAN -VARI // -VARİ

MORFEMİNƏ BİR BAXIŞ[*]

 

Açar sözlər: -varı, vəş, morfem, şəkilçi, qoşma

Ключевые слова: -вари,ваш, морфем, окончание, предлог

Key words: -vari, vash, morphem, suffix, preposition.

 

Azərbaycan dilinin orfoqrafiya lüğətinin son nəşrlərində (1975, 2004, 2013-cü illər) birvariantlı sözdüzəldici şəkilçi kimi qeyd olunmuş morfemlərdən biri -varı xüsusi olaraq diqqəti çəkir. Belə ki, sözügedən lüğətin 1975-2013-cü il nəşrlərində bu morfem ahəng qanununa uyğun olaraq yuxarıdakı kimi, yəni -varı şəklində qeyd olunmuşdur (3,15; 5,14). Orfoqrafiya qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş lüğətin 2004-cü il nəşrində isə bu morfem -vari şəklində təqdim olunmuşdur (4,8). Bununla belə, lüğətin içində şəkilçinin işləndiyi nümunələrdə ona əvvəlki illərin lüğətlərində olduğu formada, yəni varı şəklində rast gəlirik: buynuzvarı (4,106), halqavarı (4,259), qalxanvarı (4,366), üzükvarı (4,666), yüngülvarı (4,711) və s.

Maraqlıdır ki, birinci cildi 1966-cı ildə nəşr olunmuş “Azərbaycan dilinin izahlı lüğəti”ndə bu şəkilçi -varı kimi təqdim olunaraq onun “sifətlərin axırına gətirilərək oxşarlıq, bənzərlik bildirdiyi” göstərilmişdir (1,348). Qeyd edək ki, bu izahda qeyri-dəqiqliyə yol verilmişdir. Belə ki, verilən nümunələr (dalğavarı, xaçvarı, halqavarı) göstərir ki, -varı sifət­lərə yox, isimlərə qoşularaq düzəltmə sifət yaradır. Lüğətdə o da diqqətə çatdırılır ki, -varı eyni mənada bəzən adam adlarına da əlavə edilir: Füzulivarı, Vaqifvarı və s (1,348). Azərbaycan dilinin izahlı lüğətinin 2006-cı il nəşrində bu səhv düzəldilmişdir, yəni sözügedən şəkilçi ilə düzələn sözlərin sifət olduğu göstərilmişdir. Məsələn: buynuzvari – sifət. Görünüşcə buynuza oxşayan, buynuz kimi (2,I,366), halqavari – sifət. Halqa, çənbər, çevrə şəklində; dairəvi, halqaşəkilli (2,II,326), yüngülvari – sifət. 1. Bir qədər yüngül. Əl çamadanı boyda: yüngülvari bağlama əlimə aldım (M.Cəlal). 2. Çətin olmayan, çox mürəkkəb olmayan, çox zəh­mət, bilik, bacarıq tələb etməyən; asantəhər: Yüngülvari bir iş (2,IV,364). Nümunələrdən göründüyü kimi, izahlı lüğətin yeni nəşrində bu morfem -vari şəklində qeyd olunmuşdur. Qeyd edək ki, sözügedən mor­femin -vari şəklinə ilk dəfə Ervand Vladimiroviç Sevortyanın kita­bın­da (18) rast gəlirik. Bu əsərdə -vari şəkilçisinin fars dilindən alınma ol­duğu qeyd edilərək onun Azərbaycan dilinin söz yaradıcılığında məh­suldar olduğunu, hətta bir sıra neologizmlərin tərkibində də (məsələn: vintvari) iştirak etdiyi diqqətə çatdırılır (18,183-184). Kitabda -vari mor­femi ilə bağlı müəllifin qısa açıqlamasında bir ziddiyyətli məqama da toxunmaq yerinə düşər. Belə ki, E.V.Sevortyan -vari morfemini əvvəlcə söz­düzəldici şəkilçi (kitabda: аффикс) kimi təqdim edir, onun haq­qın­dakı qısaca açıqlamasında isə Mirzə Abdulla Qafarovun tərtib etdiyi “Farsca-rusca lüğət”ə (Moskva, II cild, 1927) əsaslanaraq, morfemin fars dilinə məxsus sifət (“подобный” – oxşar, bənzər) olduğunu göstərir. Görünür, bu məsələdə -vari morfeminin rusca qarşılığı olan “подобный” sözünün qrammatik mənaca sifət olması öz işini görmüş, lakin müəllif bu incə məsələyə diqqət yetirməmişdir. E.V.Sevortyanın -vari morfemi ilə bağlı qeydlərində bu şəkilçinin qoşulduğu sözlərə bənzərlik – kiçiltmə anlamını verdiyini və onların qrammatik mənaca sifət olduğunu da diqqətə çatdırır (17,18,183-184).  

D.A.Maqazanakin 1945-ci ildə Moskvada nəşr olunmuş “Турецко-русский словарь” kitabında da bu morfem -vari kimidir. Lüğətdə bu sözün qrammatik mənaca pristavka (şəkilçi) olması və mənaca bənzərlik çaları bildirməsi göstərilir (19,650). Nəhayət, 1977-ci ildə Moskvada SSRİ EA Şərqşnaslıq İnstitutunun nəşrə hazırladığı sanballı “Türkçə-rusça sözlük”də də sözügedən morfem -vari şəklində verilmiş, onun fars mənşəli olması göstərilməklə yanaşı, mürəkkəb sözlərin ikinci tərəfi ola­raq kimi, oxşar mənalarında işlənməsi göstərilir: -vari fars mürəkkəb sö­zün ikinci hissəsi: kimi, oxşar; artistvari – artist kimi, haçvari – xaç kimi, makinevari mexaniki (20,894).

Burada bir məqam xüsusi olaraq diqqəti çəkir ki, lüğət müəllifləri -vari morfeminin qoşulduğu sözləri mürəkkəb söz kimi təqdim edirlər. Deməli, onlar -vari morfemini şəkilçi kimi qəbul etmirlər, belə olsaydı, onda həmin sözlər quruluşca mürəkkəb, yox, düzəltmə olardı. Təəssüf ki, sözügedən lüğətdə -vari morfeminin qrammatik funksiyası aydın şəkildə qeyd olunmamışdır. Yuxarıda göstərildiyi kimi, D.A.Maqazanik isə -vari morfemini “pristavka” (ön şəkilçi) adlandırır. Burada bir maraqlı mə­qamı da qeyd etmək lazımdır. Professor Məmməd Tağıyevin rəh­bərliyi ilə tər­tib edilmiş dördcildlik “Azərbaycanca-rusca lüğət”in I cildində -varı mor­­feminin kimi, oxşar mənasında mürəkkəb sifətlərin tərkib hissəsi ki­mi işlənməsi qeyd olunur və nümunə kimi dalğavarı (волно­образ­ный), xaçvarı (крестообразный) sözləri göstərilir (7,351). Deməli, faktiki olaraq bu lüğətdə də -varı morfemi şəkilçi kimi qəbul edilmir, çünki belə olsaydı, onun qoşulduğu sözlər quruluşca mürəkkəb yox, düzəltmə sayılardı.

Qeyd edək ki, istər E.V.Sevortyan, istərsə də “Türkçe-rusça sözlük” müəllifləri bir məsələdə həmfikirdirlər: bu morfem -varı yox                 -vari şəklindədir və fars mənşəlidir. Təəssüf ki, “Azərbaycan dilinin izahlı lüğəti”ndə bu morfemin mənşəyi məsələsinə, ümumiyyətlə, toxu­nulmamışdır, halbuki bu qəbildən olan lüğətlərdə sözügedən məqamın qeyd olunması vacib şərtlərdən biridir.

-Vari morfeminin farsmənşəli olması, həm də məhz bu fonetik variantda işlənməsi (fars dilində ı saiti, ümumiyyətlə, yoxdur) bu dilə aid istər izahlı lüğətlərdə, istərsə də Farsca-türkcə lüğət nümunələrində də (həm klassik, həm də müasir) qeydə alınmışdır.

Öncə qeyd edək ki, Farsca-türkcə ilk klassik lüğətlərdən sayılan və tanınmış Azərbaycan alimi Hinduşah Naxçıvaninin qələmindən çıxan “Sihahül-əcəmiyyə” sözlüyündə bu morfemə yalnız – var şəklində rast gəlirik: var – kibi (12,61). Qeyd edək ki, H.Naxçıvaninin lüğətində var morfeminin ayrıca bir maddədə yer alması, eləcə də onun türkcə qarşılığı (kibi) bizdə bu ünsürün Azərbaycan dilçiliyində şəkilçi kimi təqdim edil­məsi məsələsinə şübhə ilə yanaşmağımıza və əslində onun qrammatik mə­naca, qoşma olması haqqında fikrimizin ortaya çıxmasına gətirib çı­xardı. İlk növbədə ona görə ki, istər adı çəkilən lüğətdə, istərsə də son­rakı dövrə aid lüğətlərdə fars dilinə məxsus olan və dilimizdə vətəndaşlıq hü­ququ qazanmış bir sıra şəkilçilər, o cümlədən -baz (sözbaz, hoqqabaz, qumarbaz və s.), -gər (hiyləgər, zərgər və s.), -kar (tamahkar, peşəkar, sənətkar və s.), -şünas (şərqşünas, musiqişünas, hüquqşünas və s.), -xor (rüşvətxor, müffəxor və s.) yer almamışdır. Yeri gəlmişkən onu da qeyd edək ki, tanınmış Azərbaycan alimi Səlim Cəfərovun “Azərbaycan dilin­də söz yaradıcılığı” adlı kitabında adı çəkilən şəkilçilər haqqında kifayət qədər məlumat verilmişdir (8,70,188-194). Bu mötəbər mənbədə isə varı adlı şəkilçiyə, ümumiyyətlə, rast gəlmirik.

H.Naxçıvani “Sihahül-əcəmiyyə” lüğətində farsmənşəli -vəş morfe­mi­nin var ünsürünün sinonimi olmasını, daha doğrusu, eyni mənanı daşı­masını (kibi) diqqətə çatdırır (12,79). XVII əsrin ən məşhur və sanballı farsca izahlı lüğətlərindən olan “Bürhan-e qate” adlı leksikoqrafik əsərdə isə bu morfemə üç şəkildə rast gəlirik: var, varevari (11,2245,2247). Görkəmli Azərbaycan alimi Bürhan təxəllüslü Məhəmməd Hüseyn bin Xələf Təbrizinin Hindistanda ərsəyə gətirdiyi bu dəyərli lüğətdə adı çəkilən üç morfemin bir sıra mənaları ilə yanaşı, oxşar, bənzər anlamları da qeyd olunur. Maraqlıdır ki, lüğət müəllifi var morfeminin mənalarını açıqladıqdan sonra onun türkcədə vardır anlamında işləndiyini də xüsusi olaraq qeyd edir. M.H.Təbrizi onu da əlavə edir ki, var türkcədə getmək feilinin əmr şəkli kimi də işlənir: Və əmr be rəftən həm həst, yəni boro.+(11,2246). Qeyd edək ki, lüğət müəllifi var morfeminin işlənmə məqam­larına dair heç bir nümunə vermir. “Bürhan-e qate”ni nəşrə hazırlayan görkəmli İran alimi Məhəmməd Müin isə kitabın izahlar bölməsində “var”ın aşağıdakı sözlərin tərkibində işləndiyini qeyd edir: “divanevar” dəli kimi, “məcnunvar” dəli kimi, “şirvar” aslan kimi, “dayerevar” dairə kimi, “sufivar” sufi kimi (11,2245).

M.Müinin özü də məşhur “Fərhəng-e Farsi” (Farsca izahlı lüğət”) kitabının müəllifidir və bu kitabın da başlıca qaynaqlarından biri elə yu­xarıda adını çəkdiyimiz “Bürhan-e qate”dir. M.Müin “Fərhəng-e Farsi” lüğətində “var” morfemini şəkilçi kimi qeyd edərək, onun həm ümumi isimlərə (“beheştvar”, “pələngvar”, “divanevar”, “şirvar”, “sufivar”, “məc­nunvar”), həm də xüsusi isimlərə (“Rüstəmvar”, “İskəndərvar”, “Fironvar”) qoşulduğunu göstərir (14,IV,4937). Müəllif bu şəkilçinin sinonimi olaraq vare var morfemlərini də qeyd edir (14, IV, 4942). Onu da qeyd etmək lazımdır ki, istər M.H.Təbrizinin, istərsə də M.Müinin lüğətində -var şəkilçisinin mənalarından biri də dilimizdəki sahib, malik olan sözünün, eləcə də -lı,-li şəkilçisinin daşıdığı anlama uyğun gəlir. Məsələn: ommidvar (ümidli, ümidvar), sugvar (yaşlı, ma­təmli), əyalvar (çoxlu övladı olan). Nümunələrdən göründüyü kimi, on­lar­dan birincisi – ommidvar müasir Azərbaycan ədəbi dilində də eyni anlamda (ümidvar şəklində) işlənir.

Farsmənşəli -var, -vare-vari şəkilçiləri fars dilinə dair yuxarıda adları çəkilən mötəbər qaynaqlarda “bənzər”, “oxşar” anlamlarında bir- bi­ri ilə sinonim kimi təqdim olunsa da, bu morfem dilimizə -varı//vari şək­lində daxil olmuş və istər ərəb mənşəli (halqavarı), istərsə də türk mənşəli (üzükvarı, qılıncvarı, buynuzvarı və s.) sözlərin tərkibində işlənir.

Həsən Əmidin müəllifi olduğu “Fərhəng-e Əmid” adlı farsca izahlı lüğətdə isə bu şəkilçinin “bənzər, “oxşar” anlamında yalnız iki variantı  qeyd olunur: -var-vare (13,1087). Qeyd edək ki, son dövrün məşhur farsca izahlı lüğətlərindən olan “Soxən” (“Söz”) kitabının qısa varian­tın­da -var şəkilçinin yuxarıdakı mənası qeyd olunmamışdır (bax: 15,2533).

Farsca-azərbaycanca müasir lüğətlərə gəldikdə isə, İran alimi Nəyyerzaman Səqəfinin (Hatəmi) tərtibçisi olduğu bu qəbildən olan iri­həcmli sanballı lüğətdə sözügedən morfem yalnız -var şəklində ox­şarlıq mənalı sözdüzəldici şəkilçi kimi qeyd olunmuşdur (16,II,792). Digər bir İran alimi Behzad Behzadinin “Farsca-azərbaycanca lüğəti”ndə isə bu şəkilçi iki variantda (-var-vare) təqdim olunmuşdur (17,1467-1468).

İndi isə sözügedən morfemin şəkilçi olması və ya dilimizdə daşı­dığı mənaya görə qoşma səciyyəsi daşıması ilə bağlı mülahizələrimizi təqdim edirik. Morfemin Azərbaycan dilində işlənən nümunələrdən (buy­nuz­varı, dalğavarı, xaçvarı, halqavarı, sünbülvarı və s.) də görün­düyü kimi, bu sözlərin tərkibindəki şəkilçi bənzətmə, oxşarlıq bildirir və dili­miz­dəki kimi qoşmasının sinonimi kimi çıxış edir: buynuzvarı – buynuz kimi, dalğavarı – dalğa kimi və s. Yuxarıda qeyd etdiyimiz kimi, “Azərbaycan dilinin izahlı lüğəti”ndə də eyni fikir bildirilir. Maraqlıdır ki, bu mötəbər qaynaqda -varı morfeminin konkret olaraq şəkilçi olması haqqında bir qeydə rast gəlmirik. Burada yalnız -varı morfeminin söz­lərin axırına gətirilərək oxşarlıq, bənzərlik bildirməsi qeyd olunur. Ümu­miy­yətlə, kitabda sözügedən morfemin sözdüzəldici şəkilçi, yoxsa digər bir ünsür olması məsələsi açıq qalır. Qeyd edək ki, bu məsələnin qaranlıq daha bir fakt sübut edir. Belə ki, adətən, bu tipli lüğətlərdə istər söz­düzəldici, istərsə də sözdəyişdirici şəkilçilər yer almır: bu, bir aksiomdur. Belə olduqda -varı morfeminin izahlı lüğətdə ayrıca bir maddədə qeyd olunması nə ilə bağlıdır? Axı lüğətdə digər sözdüzəldici şəkilçilər (istər milli, istərsə də alınma morfemlər) verilməmişdir. Maraqlıdır ki, məqa­lənin əvvəlində adını çəkdiyimiz “Türkçe-rusça sözlük”də də məsələ ey­nilə belədir. Burada da digər sözdüzəldici və sözdəyişdirici şəkilçilər ve­ril­məmişdir. Lüğətlərin tərtib qaydaları belədir. Bizcə bu məsələnin baş­lıca səbəbi -varı morfeminin məhz qoşma səciyyəli bir söz olmasıdır.

Qeyd edək ki, orta əsrlərə aid klassik ədəbiyyatı nümunələrində, o cümlədən İmadəddin Nəsimi və Məhəmməd Füzuli kimi böyük söz usta­larının dilində -varı morfeminə rast gəlmirik. Maraqlıdır ki, Füzulinin anadilli poetik əsərlərində yalnız bir neçə nümunədə var morfeminin işlənməsi qeydə alınmışdır:

Dürci – düri – şahvarım aŋag (10,292)

Ya Rəb, kərəm et ki, xarü zarəm,

Dərgahə bəsi ümidvarəm. (10,337)

Lakin nümunələrdən də göründüyü kimi buradakı -var oxşarlıq, bənzərlik mənalarını bildirmir: şahvar – şaha layiq, şahanə; ümidvar – ümidvar, ümidli. Bununla belə, Füzulinin adıçəkilən əsərlərində -varı mor­­feminin sinonimi olan yenə də farsmənşəli vəş morfemi nisbətən ge­niş şəkildə təmsil olunmuşdur. Bu morfem də eynilə oxşarlıq, bən­zər­lik anlamını daşıyır.

Leyliyi sən eylədin pərivəş

Kim, canə cəmali urdu atəş (10,227).

Ey Füzuli, kəsmə ol məhvəş vüsalından ümid,

Səbr qıl kim, dövr dövranı degil bihudə gərd. (10,206).

Nümunələrdən göründüyü kimi, Füzuli burada məhvəş sözünü ay kimi, aya bənzər mənasında, pərivəş sözünü isə pəri kimi anlamında işlət­mişdir. Füzuli anadilli poetik əsərlərində tərkibində -vəş morfemi olan ləlvəş (ləl kimi), sayəvəş (kölgə kimi), səbzəvəş – yaşıllıq kimi və s. sözləri də çox uğurla işlətmişdir (9,197,239, 250).

Maraqlıdır ki, Füzuli vəş morfemini aşağıdakı nümunədə xüsusi ismə də artırmışdır:

Yetməyib vəslinə sən Leylivəşin bir ömrdür,

Mən kimi Məcnun olub səhrayə düşmüş afitab (10,195).

Bu fakt həmin dövrdə klassik Azərbaycan ədəbiyyatında -varı mor­fe­mi ilə müqayisədə onun sinonimi olan -vəş morfeminin daha işlək ol­du­ğunu açıq-aşkar şəkildə sübut edir. Onu da qeyd edək ki, Füzulinin işlət­diyi nümunələrin (ləlvəş, məhvəş, pərivəş, sayəvəş, səbzəvəş və s.) şəkilçi kimi deyil, bütövlükdə söz tərkibində fars dilindən keçməsi daha ağlabatan və inandırıcıdır. Belə ki, böyük şair həmin sözləri fars dilindən hazır şəkildə, yəni elə nümunələrdə işlətdiyi kimi alaraq ədəbi dilimizə gətirmişdir.

Fars dilinin izahlı lüğətləri üzərindəki müşahidələr göstərir ki, bu dildə vəş morfemi də oxşar, bənzər anlamlarında geniş şəkildə təmsil olun­­muşdur. Məsələn, yuxarıda adını çəkdiyimiz “Bürhan-e qate” lüğə­tin­də vəş sözünün xoş mənası ilə yanaşı, bənzər, oxşar anlamlarında da işləndiyini qeyd edir:

“Və şebh və manəndra niz qofteənd.

Həmço: şahvəş və mahvəş”+ (11,22I83).

Və bənzər, oxşar mənalarını da demişlər. Necə ki şahvəş (şah kimi) və mahvəş (ay kimi). M.Müin də vəş morfeminin bənzər, oxşar anlam­la­rında ayinəvəş (ayna kimi), kəjdomvəş (əqrəb kimi) nümunələrində işlən­diyini qeydə almışdır (12,IV,5029).

Həsən Əmidin lüğətində də -vəş bənzərlik və oxşarlıq bildirən şəkilçi kimi təqdim olunmuşdur (13,1097).

Burada birbaşa məsələ ilə bağlı bir faktı da qeyd etmək yerinə düşər. Görkəmli Azərbaycan dilçisi professor, AMEA-nın müxbir üzvü Ə.Dəmirçizadə “Müasir Azərbaycan dili” kitabında bir cür yazılan şəkil­çilər sırasında -dək qoşmasını da verir (9,295). -Varı morfeminə gəldik­də isə tanınmış alim şəkilçi kimi qəbul etdiyi bu ünsürü -varı formasında təq­dim edərək ona nümunə olaraq qalxanvarı, yüngülvarı, üzükvarı sözlərini göstərmişdir (9,295). Ə.Dəmirçizadənin bir cür yazılan şəkil­çi­lər sırasına -dək qoşmasını da daxil etməsi göstərir ki, bu məsələdə, yəni -varı morfeminin şəkilçi, yoxsa qoşma kimi qəbul edilməsində müəyyən mübahisəli məqamlar, sual və şübhələr hələ o zaman mövcud imiş.

Beləliklə, istər -vari, istərsə də onun sinonimi olan -vəş morfemi haqqında deyilənlər və onlara aid verilən nümunələr göstərir ki, bu mor­fem­lərin hər ikisi müasir Azərbaycan ədəbi dilində əslində şəkilçi funk­si­yasını daşımır, əksinə bənzərlik, müqayisə bildirən kimi qoşmasının müt­ləq qarşılığı kimi çıxış edir. Bunu sübut edən ən başlıca dəlillərdən biri fars­ca klassik və müasir izahlı lüğətlərdə bu dilə məxsus digər sözdü­zəldici şəkilçilərin yer almamasıdır. Eyni sözləri yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan dilinin izahlı lüğətinə də şamil etmək lazım gəlir. Qeyd edək ki, sonuncu qaynaqda -vəş morfeminə, ümumiyyətlə, rast gəlmirik. Bununla belə Azərbaycan dilinin orfoqrafiya lüğətinin son nəşrində mahvəşpərivəş sözləri qeydə alınmışdır (5, 446,546).

Sözügedən morfemin -vari, yoxsa -varı şəkillərindən hansına üs­tün­lük verilməsinə gəldikdə isə qeyd etməliyik ki, bu ünsürə aid nümu­nələrdə onun -vari şəklində tələffüzünün aparıcı olduğu konkret olaraq təcrübə əsasında sübuta yetirilmişdir.

Aşağıda “Azərbaycan dilinin orfoqrafiya qaydaları”nda (2013) bir cür yazılan şəkilçi kimi təsbit olunmuş “-varı” hissəciyinin iki tələffüz variantında (-varı//vari) ossilloqramı və spektroqramı verilmişdir.

 

 

 

QALXANVARI

 

 

QALXANVARİ

 

 

ÜZÜKVARI

 

 

ÜZÜKVARİ

Təcrübə üçün tərkibində qalın saitlər olan “qalxanvarı//qalxanvari” və incə saitlər olan “üzükvarı//üzükvari” sözləri seçilmişdir.* Hər iki sözlə bağlı diqqəti cəlb edən məqam -varı//-vari hissəciyinin tərkibindəki “a” saitinin tələffüzü zamanı meydana çıxan fərqli göstəricilərin müşahidə olunmasıdır. Belə ki, incə saitli variantda (-vari) hər iki sözdə “a” saitinin davamlılığı qalın variantlı şəkilçi artırılan sözdə olduğundan artıqdır.  Bu da öz növbəsində, ümumilikdə sözün tələffüzünə sərf olunan zamanın artıq olması deməkdir (qalxanvarı - 0,877034 s.; qalxanvari – o,922713 s.). Bu göstəricilər, təbii ki, sözün tələffüzü ilə bağlı into­nasiyaya və nitq axınında ümumi prosodik mənzərənin dəyişilməsinə səbəb olur.

Bu şəkilçinin “vurğu” qəbul edən şəkilçi olduğunu və qeyd olunan sözlərdə “vurğu”nun hissəciyin (üzükvarı′//üzükvari′) son hecasındakı saitin üzərinə düşdüyünü diqqət mərkəzində saxlayaraq, dilimizdəki bir sıra “uzun” saitli alınmalarda analoji olaraq vurğulu hecadan əvvəlki saitin “uzun” tələffüz olunduğunu nəzərə alsaq norma kimi -vari varian­tını məqsədəuyğun saymaq olar.

Qeyd edək ki, dilimizdə tərkibində ai saitləri olan ərəb mənşəli sözlərdə -vari morfemində olduğu kimi birinci sait (i) uzun tələffüz olunur. Məsələn: aciz, adil, aqil, daxil, hadi, hafiz, hasil, xaric, mahir, ma­lik, nadir, nazım, nasir, sakit, sait, sakin, samit və s. Bu qəbildən olan fars mənşəli bəzi sözlərdə də birinci sait uzun tələffüz olunur. Məsələn, nazik, şagird, şaqul və s. Yeri gəlmişkən onu da qeyd edək ki, dilimizdə fars mənşəli daha bir neçə alınma şəkilçi vardır ki, onlarda da eynilə -vari morfeminin -varı variantında olduğu kimi ahəng qanununa uyğun olaraq səs dəyişməsi baş vermişdir. Məsələn, dilimizdə -xana kimi işlənən şə­kil­çinin mənbə dildəki yazılışı xane şəklindədir. Fars mənşəli -zadə şə­kilçisində isə ahəng qanununa uyğunlaşma baş verməmiş, sadəcə olaraq e>ə əvəzlənməsi baş vermişdir.

Bütün bunları nəzərə alaraq düşünürük ki, Azərbaycan dilinin orfo­qrafiya lüğətinin yeni nəşrində bu morfemin -vari şəklində qeyd olun­ması məqsədəuyğundur.

Son olaraq morfemlə bağlı bir incə məqamı da qeyd etmək istə­yirik. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin nəşrə hazırladığı “Azərbaycan dilinin işlək orfoqrafiya söz­lü­yü”ndə bu morfem iki şəkildə qeyd olunmuşdur: “-varı, -vari şəkil­çiləri ahəng qanunu üzrə işlədilib. Məsələn: çələngvari, çəlləkvari, çəngəlvari, daraqvarı, halqavarı, ilanvarı, qarmaqvarı və s” (6,117). Məlum olduğu kimi dilimizdəki alınma şəkilçilərin hamısı bir variantlıdır və onlar ahəng qanununa tabe olmur. Buna görə də sözügedən morfemin ahəng qanunu üzrə iki variantda (-varı, -vari) təqdim olunması elmi cəhətdən yanlışdır.

 

Ədəbiyyat siyahısı

 

1. Azərbaycan dilinin izahlı lüğəti. I cild, Bakı,   1966

2. Azərbaycan dilinin izahlı lüğəti. IV cild. Bakı, 2006

3. Azərbaycan dilinin orfoqrafiya lüğəti. Bakı,   1975

4. Azərbaycan dilinin orfoqrafiya lüğəti. Bakı, Lider, 2004

5. Azərbaycan dilinin orfoqrafiya lüğəti. Bakı, Şərq-Qərb, 2013

6. Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü. Tərtibçi: Afaq Məsud. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi. Bakı: 2017

7. Azərbaycanca-rusca lüğət. Tərtibçilər: M.T.Tağıyev, İ.M.Aydı­nov, O.M.Qocəliyev, İ.M.Kərimov, R.İ.Qurbanova, M.Z.Mövsü­mov. Bakı, 1989.

8. Cəfərov S. Azərbaycan dilində söz yaradıcılığı Bakı, 1960

9. Dəmirçizadə Ə. Müasir Azərbaycan dili I hissə (fonetika, orfo­qra­fiya, orfoepiya). Bakı: Maarif, 1984

10. Məhəmməd Füzulinin poetik əsərlərinin izahlı lüğəti. Bakı: Maarif, 1984

11. Borhan-e ğate. Tə’lif-e Mohəmməd Hoseyn bin Xələf Təbrizi motəxəlles be Borhan. Be ehtemam-e d-r Mohəmməd Moin, çap-e dovvom. Tehran. 1342 (fars dilində).

12. Hinduşah Naxçıvani. Əs-Sihah əl-əcəmiyyə. Bakı: Şərq-Qərb, 1993 (ərəb əlifbası ilə)

13. Fərhəng-e bərqozide-ye Əmid. Həsən Əmid. Tehran, 1347 (fars dilində)

14. Fərhəng-e Farsi (motəvəsset). Tə’lif-e d-r Mohəmməd Moin, celd-e çəharom. Tehran, 1347 (fars dilində).

15. Fərhəng-e feşorde-ye Soxən. Doktor Həsən Ənvəri. Tehran. Celdha-ye 1,2, 1382/2004.

16. Farsca-azərbaycanca lüğət. Nəyyerzaman Səqəfi (Hatəmi). Bakı, Naşer, 1999.

17. Fərhəng-e Farsi-Azerbaycani. Behzad Behzadi. Tehran, 1384/2006.

18. Севортян Е.В.Аффиксы именного словообразования в азербайджанском языке. Москва, 1966

19. Турецко-русский словарь. Составил Д.А.Магазаник. Изда­ние II, Москва, 1945.

20. Турецко-русский словарь. Авторы: А.Н.Баскаков, Н.Р.Го­лу­­фева, А.А.Кямилова… Москва, 1977.

 

 

Мохсун Нагисойлу

К вопросу о морфеме суффиксированного

предлога -varı//vari

Резюме

В статье рассматривается аффикс vari/varı. В исследовании под­черкивается, что все заимствованные аффиксы в азер­бай­джан­ском языке одноварианты и не подчиняются законам гармонии гласных. В связи с этим  рассматриваемая  морфема vari/varı науч­ной точки зрения не может быть представлена в двух  вариантах. Так морфема vari, и его синоним vəş, а также приведенные в стать примеры, показывают, что они не выполняют функцию аффиксов. Они обозначают сравнение или сходство.

 

 

Mokhsun Naghisoylu

Approach to marhem -var

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.