Azərbaycanca: verilənlər
İzahı:

latın dilindəki “datum” sözünün cəm şəkli; informasiya elementi. Praktikada “data” ismi həm cəmdə, həm də təkdə ola bilər.

Verilənlər” anlayışı “informasiya” anlayışı ilə sıx bağlıdır. Verilənlər, informasiya almaq üçün “xammaldır”. Eyni bir verilənlər müxtəlif insanlara müxtəlif informasiyalar verə bilər. Məsələn, riyaziyyata aid kitabdan daha çox faydalı informasiyanı riyaziyyatçı ala bilər, başqa sahənin adamı (bioloq, tarixçi və s.) üçün isə həmin kitab heç bir informasiya daşımayan verilənlər yığınından ibarətdir. Eyni bir televiziya verilişi kiməsə yeni informasiyalar verməklə onu düşundürür, başqası üçün isə orada səslənənlər dəyəri olmayan verilənlər yığınıdır.

Verilənlər hər hansı maddi daşıyıcıda: kağızda, kompakt diskdə, maqnit diskində saxlanıla bilər. Deməli, verilənləri müxtəlif texniki qurğular vasitəsilə emal etmək olar. Onlar başqa formaya çevrilə, qruplaşdırıla, çeşidlənə və s. bilər. Məsələn, məktəbdəki şagirdlər haqqında məlumatlar kompüterin sərt diskində verilənlər bazası şəklində saxlanıla bilər, onları siniflər üzrə qruplaşdırmaq, yaxud əlifba sırasıyla düzmək olar.

Verilənlər yalnız insan onunla maraqlandıqda informasiyaya çevrilir. İnsan informasiyanı verilənlərdən alır, onu qiymətləndirir, təhlil edir və təhlilin nəticəsinə uyğun olaraq hər hansı qərar qəbul edir. Yuxarıda göstərilən məktəbdəki şagirdlərlə bağlı verilənlər bazasında əməliyyat aparmaqla müəyyən informasiya almaq olar. Məsələn, məktəbdə Günel adında neçə qız var, şagirdlərdən neçəsi Əli bəy Hüseynzadə küçəsində yaşayır və s. Tut: information.

Русский: данные
English: data
Türkçe: veriler

Mənbə:

İsmayıl Calallı. “İnformasiya terminlərinin izahlı lüğəti”. “Bakı” nəşriyyatı, “İnformasiya Texnologiyaları” nəşriyyatı, Bakı 2017, səh. 996.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.