XX əsrin əvvəlləri Azərbaycan xalqının tarixində mürəkkəb ictimai-siyasi və mədəni hadisələrlə zəngin olan bir dövrdür. Azərbaycanda ana dilində elmin inkişafı, elmi-kütləvi ədəbiyyatların, dərsliklərin çap edilib yayılması, xüsusilə elmi üslubun formalaşması bu dövrlə bağlıdır. Yeni ictimai – siyasi görüşlər, elm və mədəniyyətin sürətli inkişafı, orta və ali məktəblərin, elmi-tədqiqat müəssisələrinin təşkili, mətbuatın sayının artması, dərsliklərin, elm əsərlərin Azərbaycan dilində yazılması dilin ictimai funksiyasının genişlənməsinə təkan verirdi. Lakin, dövrün tələblərinə uyğun Azərbaycan dilində müəyyənləşmiş sistemli elmi dil yox idi. Buna görə də elmi əsərlərdə, dərsliklərdə və terminoloji lüğətlərdə terminləri ifadə etmək üçün ərəb və fars dillərinə məxsus o qədər söz və tərkiblər işlədilirdi ki, onları başa düşmək üçün xüsusi izahlar tələb olunurdu.

Dövrün tələbləri nəzərə alınaraq N.Nərimanovun və S.Ağamalıoğlunun təşəbbüsü ilə respublikada Azərbaycan dilində elmi dili formalaşdırmaq, tədris üçün dərsliklərin yaradılması və terminoloji işə rəhbərlik etmək, ədəbi dili inkişaf etdirmək üçün xüsusi orqan - Azərbaycan Xalq Komissarları Şurası yanında İstilah Komissiyası təşkil olundu. Komissiyanın sədri Tağı Şahbazi təyin edildi. Lakin Komissiyanın tələbləri ilə Tağı Şahbazinin prinsipləri uyğun gəlmədiyinə görə o istefa verdi. Qafur Rəşad, Tağı Şahbazi dilə daxil olan sözlərin demək olar ki, hamısı üçün, hətta beynəlmiləl terminlər üçün də qarşılıq yaratmağa çalışırdılar. (kommunist – ümumiçilik, demokrat-xalq tərəfdarı, aviasiya – havada uçmaq, anarxiya – hökumətsizlik) 1923-ci ildə Terminologiya Komissiyası Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanına köçürüldü və Səmədağa Ağamalıoğlunun sədrliyi ilə fəaliyyətini davam etdirməyə başladı. İstilah Komissiyasında həmin dövrdə lazımi ehtiyacları ödəmək məqsədi ilə müxtəlif sahələrə- riyaziyyat, coğrafiya, kimya, iqtisadiyyata aid bir sıra terminlər lüğəti hazırlanıb nəşr edildi. Bu lüğətlərin hazırlanıb nəşr olunması ilə bağlı «Yeni yol» qəzeti yazırdı ki, İstilah Komissiyasının fəaliyyəti nəticə verməyə başlayır. Bu istilahların varlığı kitab yazanların və tərcümə edənlərin sürətlə işə girişməsinə yol olacaqdır.

İstilah Komissiyasının hazırladığı lüğətlərdə rusca terminlər əvvəlcə, sonra isə həmin terminlərin o dövrdə Azərbaycan dilində işlənən qarşılığı və Komissiya tərəfindən təklif edilən yeni terminlər verilmişdir. Bu lüğətlər o dövr üçün əhəmiyyətli idi. Lakin Azərbaycan dilində terminlərin yaranma prinsipləri, terminologiyanı təkmilləşdirmək yollarını düzgün müəyyənləş¬diril-mə¬mişdir. Buna görə də Azərbaycan dilinin terminologiyasını yalnız bu dilin öz ehtiyatı əsasında inkişaf etdirmək, zənginləşdirmək kimi yanlış bir prinsipdən istifadə edilərək, qondarma terminlərə daha çox üstünlük verilirdi. Komissiyanın üzvləri beynəlxalq terminlərin dildə işlədilməsinə qarşı çıxaraq, əvəzində anlaşılmayan terminlər yaradırdılar. Xüsusilə , Sami Kamalın «Saybil terminləri lüğəti»ndə» verilən qondarma terminlər oxucuların işini daha da çətinləşdirmişdir. Müəllif tərəfindən təklif edilən terminlərin bir qismi ehtiyac olmadan süni sözlərlə əvəz edilmişdir. Məsələn, həndəsə//biçimbil, aksioma-özübəlli, nöqtə//bənək, rəqəm//sayac, pərgar//fırlaq, mənfi//tərs, düstur//ceşni, plyus//topaq» və s. Eləcə də C.Cəbrayılbəylinin, Qafur Rəşadın lüğətlərində heç bir ehtiyac olmadığı halda maddə//nəşnək, təbiət//varış, sənaye//törədiş, metal /yayxan, okean//mühit, rəsədxana//faxovilax ilə əvəz edilmişdir. Bu prinsip elmin, texnikanın bütün sahələrinə aid tərtib edilmiş lüğətlərdə öz əksini tapmışdır. Həmin dövrdə Azərbaycan dilini ərəb-fars mənşəli sözlərdən təmizləmək üçün prinsiplər hazırlanırdı. Belə ki, onlar terminologiyanın nöqsanlarını aradan qaldırmağın əsas yolunu bütün terminlərin əvvəlini, yaxud axırının Azərbaycan dilinin qrammatik qanunlarına uyğun bir formaya salınmasında görürdülər. Odur ki, terminologiyada işlənən ərəb-fars sözlərinin yerinə «azərbaycanca sözlər»in qoyulması prinsipini əsas götürürdülər. Nəticədə lüğətlərdə Azərbaycan dilində çoxdan işlənən elmi-texniki terminlər süni-mənası dərk edilməyən sözlərlə əvəz olunmuşdur.

Bunun nəticəsi idi ki, keçən əsrin 20-ci illərində Azərbaycan dilində ictimai-siyasi, elmi-техniki və s. terminlər yaradılarkən purizmə yol verilmişdir. Onlar ədəbi dilin lüğət tərkibini, xüsusən də terminologiyanı ərəb və fars sözlərindən təmizləməyi, ədəbi dili xalq danışıq dilinə yaxınlaşdırmağı və onun əsasında inkişaf etdirməyi qarşılarına məqsəd qoymuşdular. Eyni zamanda termin yaradıcılığı prosesində ayrı-ayrı məfhumların funksiyası nəzərə alınaraq adlandırılması üsulundan da geniş istifadə edirdilər. Bununla belə, onlar (puristlər) dilimizdə olan hər cür alınma terminlərə qarşı çıxır, ehtiyac duyulan terminlərin hamısını Azərbaycan dilinin daxili imkanları əsasında yaratmağa çalışırdılar. Əgər xalq dilində nəzərdə tutulan anlayışların ifadəsi üçün terminlər yoxdursa, onları xalq dilinə məxsus söz kökləri əsasında süni yolla yaratmaq prinsiplərini əsas götürdüklərinə görə belə terminlər (Qırılğan, baxovibax, nəsnək, naçılıq) lüğətlərdə olsa da dildə, terminologiyada özünə yer tapa bilmədi. Purizm meylilərinin əmələ gəlməsi ilə əlaqədar mətbuatda termin yaradıcılığı məsələləri geniş müzakirə olunmağa başlandı.

1923-cü ildə «Kommunist» qəzetində həftədə bir dəfə «Dilimizin istilahı» adı ilə xüsusi vərəqə nəşr edilmişdir. Məqalələrdən aydın olur ki, müəlliflər tərəfindən termin yaradıcılığında ifrata varmamaq, yalnız çətin anlaşılan ərəb və fars sözlərini dildən çıxartmaq təklif edilirdi. «Yaratmaqmı, düzəltməkmi və necə? adlı məqalədə yazılırdı:» «vəzifə yaratmaq deyil, düzəltməkdir, toplayıb hazırlamaqdır». «Dil bəlası» adlı məqalədə – burada (terminologiyada-S.S.) qurtaracaq və azad olacaq bir yol varsa, o da yeni dil yaratmaq olmayıb, yaranmış, dirilmiş, yapılı olan əsas dilimizdə yalnız bir takım islahatlar aparmaqdır. Bütün bu müzakirələrdən sonra İstilah Komissiyasında yeni termin yaradıcılığı prinsipləri müəyyənləşdirildi. Bu dövrdə terminologiyanın yaranmasında 2 cəhət diqqəti cəlb edir: 1) bütün terminləri xalq dilində axtarmaq, xalq dilində müvafiq terminlər olmadıqda isə onları dildə olan söz kökləri əsasında yaratmaq; 2) terminologiyada alınma terminləri olduğu kimi işlətmək.

Terminologiya Komissiyasının fəaliyyəti 1926-cı ildə keçirilmiş I Ümumitifaq Turkoloji qurultayından sonra daha da güclənmişdi. Qurultayda tarix, etnoqrafiya, əlifba, orfoqrafiya ,dil tarixi və bir sıra mühüm məsələlərlə yanaşı türk dillərində terminologiya yaradılması məsələsi geniş müzakirə olunmuşdur. Qurultayda terminologiya ilə bağlı beş məruzə dinlənilmişdir. Bu məruzələrdən H.B.Zeynallının «Türk dillərinin elmi terminologiyasının sistemi haqqında» məruzəsi diqqəti cəlb edir. Məruzənin əsasını türk dillərində, o cümlədən də Azərbaycan dilində elmi-texniki terminlər yaradılması və başqa dillərdən terminlər alınması prinsipləri təşkil edirdi.

H.Zeynallı tərəfindən irəli sürülmüş prinsiplər, əsasən düzgündür, lakin ayrı-ayrı terminlərin mənsub olduqları dillərdə işlənən formasını götürmək fikri özünü doğrultmadı. O dövrdə nəşr olunmuş bir sıra lüğətlər bu prinsipə uyğun tərtib edilmişdir. Məsələn, santimetro-santimetro, manometro-manometro, ampermetro-ampermetro, tempo-tempo və s.
B.V.Çobanzadə terminologiya yaradılmasında yerli dillərə və bu dillərin tələffüzünə və morfoloji xüsusiyyətlərinə əsaslanmağı təklif edirdi. 
Türkoloji qurultayda bir sıra mübahisələr həll edilsə də , Azərbaycan dilinin terminologiyasının inkişafı düzgün müəyyənləşdirilə bilmədi. Bu nəzərə alınaraq 1928-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığı yanında Baş Elmi Müəssisələr İdarəsi yaradılmış və terminologiya ilə bağlı məsələlər həmin idarəyə tapşırılmışdı. 1929-cu ildə Baş Elmi Müəssisələr İdarəsi yanında Dövlət Terminologiya Komitəsi təşkil olundu. Terminologiya Komitəsi bir sıra praktik məsələləri həll etdikdən sonra 1930-cu ilin əvvəllərində Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun yanına köçürülmüş, burada terminologiyanın inkişafı və orfoqrafiya lüğətinin hazırlanması üçün elmi prinsiplərin müəyyənləşdirilməsi üzrə iş aparılmağa başlanılmışdır. Bu məqsədlə də Komitə respublikanın ali məktəblərində çalışan mütəxəssisləri də bu işə cəlb etdi. Terminologiya Komitəsi üç bölmədən və bir bürodan ibarət idi. Terminologiya ilə sıx əlaqədar olan, Azərbaycan məktəbləri və mətbuatı üçün həlledici əhəmiyyət kəsb edən orfoqrafiya məsələləri də o zaman Terminologiya Komitəsinə həvalə edilmişdi. Komitədə daimi işçilərdən əlavə, xüsusi məsləhətçilər və termin toplayan işçi qrupları da yaradılmışdır.

Terminlər əvvəlcə müvafiq bölmələrdə müzakirə olunur, sonra isə Terminologiya Komitəsinin təsdiqinə verilirdi. Həmin dövrdə Terminologiya Komitəsi hazırladığı on minə qədər sözdən ibarət terminləri müxtəlif elm sahələri üzrə bülletenlərdə nəşr etdirmişdir. Terminologiya Komitəsinin qarşısına aşağıdakı vəzifələr qoyulmuşdur. 

Terminlər yaratmaqla bərabər, elmi-ədəbi dili də təkmilləşdirmək. Bununla əlaqədar isə aşağıdakı problemləri həll etmək:
1. Azərbaycan ədəbi dilinin əsasını təşkil edən dialektləri müəyyənləşdirmək.
2. Azərbaycan dilində terminlər yaradılarkən üç mənbəyə əsaslanmaq;
a) bilavasitə Azərbaycan dilinin daxili imkanlarına əsaslanmaq;
b) Avropa dillərinə;
c) ərəb və fars dillərinə.

Birinci mənbə - Azərbaycan dilinin lüğət tərkibi əsasında terminlər yaratmaq üçün respublikanın müxtəlif yerlərinə xüsusi ekspedisiyalar göndərmək yolu ilə material toplayıb, tədqiq etmək.
Avropa dillərindən bir mənbə kimi istifadə edərkən onların qarşılıqlarını yalnız canlı danışıq dilində işlənən sözlərlə ifadə etmək, yeni terminlər götürməmək.

3. Terminlərin düzgün yazılışı böyük əhəmiyyət kəsb etdiyi üçün onların orfoqrafiyasına diqqət yetirmək. 

4. Vaxtı ilə İstilah Komissiyası tərəfindən toplanmış terminoloji materialları yenidən öyrənmək; bütün mətbuat işçilərinin və tərcüməçilərin fəaliyyətini Komitənin işinə cəlb etmək. 

Bu dövr Azərbaycan dili, eləcə də terminologiyanın inkişafı tarixində yeni bir mərhələ idi. Komitənin qarşısına aşağıdakı vəzifələr qoyulmuşdu.

1. Azərbaycan dilində terminlərin yaradılma mənbələri müəyyənləşdirilsin.

2.Dərsliklərin dili ədəbi dilə uyğunlaşdırılsın .

Terminologiya Komitəsinin əsaslandığı prinsiplər həmin dövrdə nəşr edilmiş ayrı-ayrı lüğətlərdə - «Nəzəri mexanikadan istilah lüğəti», «Riyaziyyat terminləri», «Elektrotexnika istilahları»nda öz əksini tapmışdı. Belə ki, Azərbaycan dilində qarşılığı olan ərəb terminlərinin əvvəlki kimi ərəbcəsi deyil, azərbaycancası götürülmüşdür; Məsələn, təqsim yerinə bölmə, cəm yerinə toplama, zaviyə yerinə bucaq, mühit yerinə çevrə, müsəlləs qaimətuzaviyə mütəsavissüsaqey yerinə ikizilli müsavi düz üçbucaq, cərayani-mütənasib yerinə dəyişən cərəyan, hərəkəti-intiqalə yerinə irəliləmə hərəkəti, qüvveyi-məzdəvcə yerinə qoşa qüvvələr və s.

Azərbaycan dilində müvafiq qarşılığı olmayan terminlərin o vaxta qədər işlədilmiş formaları saxlanılmışdır; məsələn, zil, qüvvət, cərəyan, sürət, təcil, qanun, zaman, məsafə, hesab və s.

Beynəlxalq hüquq qazanmış terminlər olduğu kimi qəbul edilmişdir; diaqonal, telefon, teleqraf, induksiya, operator, element, operasiya, piramida, funksiya, konus və s.

Bütün bunlar göstərir ki, lüğətlərin tərtibində elmi prinsiplər əsas götürülmüşdür. Bununla belə lüğətlərdə müəyyən nöqsanlara da yol verilmişdir. Belə ki, lüğətlərdə terminlərin bir neçə variantda işlənməsi, terminləri başqa dillərdən tərcüməsiz Azərbaycan dilinin orfoqrafiyasına uyğunlaşdırılması meyili üstünlük təşkil edirdi. Terminologiya Komitəsində “Fəlsəfə terminləri “ lüğəti nəşr olunduqdan sonra Azərbaycan KP-nın XIII-cü qurultayında kəskin tənqid olundu və 1944-cü ildə Azərbaycan Xalq Komissarlar Sovetinin yanına köçürülərək fəaliyyətini davam etdirməyə başladı. 

Təəssüf ki, nəşr olunmuş lüğətlər günün tələbini ödəmirdi. Bu dövrdə terminologiyada aşağıdakı nöqsanlar diqqəti cəlb edir: 1) Azərbaycan dilində alınma terminlərin işlədilməsində müəyyən elmi prinsip gözlənilməmişdir. 2) Heç bir ehtiyac olmadığı halda, ərəb və fars terminləri dilə qaytarılmışdır. 3) Terminlər yaradılarkən onun birmənalı olmasına fikir verilməmişdir. 4) Bir çox hallarda konkret termin əvəzinə onun izahı verilmişdir. 5) Bəzən eyni məfhumu ifadə etmək üçün müxtəlif terminlər işlədilmişdir. Bunların aradan qaldırılması üçün 1948-cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı ilə Azərbaycan dilində terminologiya yaradılmasını qaydaya salmaq, bu sahədəki hərc-mərcliyi aradan qaldırmaq, elmi-tədqiqat müəssisələrində və ali məktəblərdə aparılan terminoloji işlərə rəhbərlik etmək məqsədi ilə Azərbaycan SSR Elmlər Akademiyasının Rəyasət Heyəti yanında Terminologiya Komitəsi yaradıldı. Həmin ildə Terminologiya Komitəsinin vəzifələrinin müəyyənləşdirilməsi üçün Azərbaycan Mərkəzi Komitəsi ilə birlikdə Akademiyada konfrans keçirildi. Terminologiyanın nizama salınmasında Bakıda çağırılmış dil konfranslarının da müəyyən rolu olmuşdur. Prof. M.Ş.Şirəliyevin məruzəsində terminologiyaya ehtiyac olmadan əcnəbi sözlərin gətirilməsi prinsipi zərərli bir prinsip kimi tənqid edilərək yazılırdı ki, Azərbaycan dilinin ruhuna uyğun olmayan, ehtiyac hiss edilməyən əcnəbi sözləri dilimizdən təmizləmək lazımdır. 

Konfransda termin yaradıcılığı məsələsi müzakirə edilərkən prof. M.Ş.Şirəliyev üç mənbədən istifadə etməyi təklif etmişdir: 1) xalq dilindən; 2) ərəb və fars dillərindən; 3) rus və Avropa dillərindən.

Bu konfrans termin yaradıcılığında bir sıra prinsiplərin əsas götürülməsini qərara almışdır: 1) elmi terminlər ən əvvəl xalq dilinə tərcümə edilsin. 2) beynəlmiləl terminlər eynilə qəbul edilsin. 3) elmdə əvvəllər işlənilən terminlər olduğu kimi dildə saxlanılsın.

Termin yaradıcılığında bu prinsiplərin əsas götürülməsi rus və beynəlmiləl terminlərə elmi dildə geniş yer verilməsinə imkan yaratmışdır. Bu illərdə Terminologiya Komitəsinin tapşırığı ilə respublikamızın bütün elmi-tədqiqat institutları və ali məktəbləri öz sahələrinə aid lüğətlər tərtib etməyə başladılar. Elmin müxtəlif sahələrinə aid rusca – azərbaycanca 200-ə qədər terminoloji lüğət nəşr edilmişdir .
Müstəqillik illərində ölkəmizdə aparılan uğurlu islahatlar, quruculuq işləri, yüksək iqtisadi artım, milli elmi inkişaf konsepsiyamızın davamlı həyata keçirilməsi Azərbaycan elminin inkişaf səviyyəsinin yüksəlməsini şərtləndirmişdir. Elm sahələrinin inteqrasiyası, elmi biliklərin müxtəlif istiqamətlərdə inkişafı, xarici dövlətlərlə ictimai-siyasi əlaqələrin güclənməsi, elm sahələrində terminoloji bazanın da inkişafına təsir göstərmişdir. Azərbaycan dilində işlənən, o cümlədən yeni yaranan terminlərin toplanması, aprobasiyası və tətbiqinin sürətləndirilməsi dilimizdəki elmi-texniki anlayışların vahid sistem əsasında təkmilləşdirilməsini həyata keçirmək dövrün tələbidir. 

2000-ci ildə AMEA RH yanında Terminologiya Komitəsi Terminologiya Komissiyası adlandırılmışdır. Bu illərdə terminologiyanın inkişafı istiqamətində mühüm işlər görülmüşdür. Belə ki, elm və texnikanın, iqtisadiyyatın, mədəniyyətin bir çox sahələrinin Azərbaycan dilində terminologiyasının formalaşması, eləcə də texnikanın yeni yaranan-informatika, elektron təhsil ,aviasiya, avtomatlaşdırma və s. sahələrdə terminlərin yaranması istiqamətində mühüm işlər görülmüşdür. Azərbaycanın dövlət müstəqilliyinə, sosial-iqtisadi və milli-mənəvi inkişafına, bu prosesdə maddi-mənəvi dəyərlərin qorunmasına xidmət edən elmin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. 

Dilimizin qorunması və inkişafı istiqamətində mövcud olan problemlərdən başlıcası dilimizdə terminologiyanın yaranma mənbələrində baş verən dəyişiklikləri nəzərə alaraq, onun inkişafını düzgün istiqamətləndirməkdir. Azərbaycan MEA RH yanında Terminologiya Komissiyasının fəaliyyəti bu vəzifələr nəzərə alınmaqla qurulmuşdur. Dilimizin qorunması, saflığının təmin olunması və inkişaf etdirilməsi istiqamətində qarşıda duran vəzifələrin həyata keçirilməsində Terminologiya Komissiyası mühüm missiya daşıyır. Azərbaycan dilində işlənən, o cümlədən yeni yaranan terminlərin toplanması, yaranması və tətbiqinin sürətləndirilməsi, dildəki anlayışların vahid sistem əsasında təkmilləşdirilməsi dövrün tələbidir. Xüsusilə, ölkədə aparılan iqtisadi islahatlar bank-maliyyə fəaliyyətinin inkişaf xüsusiyyətlərinə və terminoloji bazanın fasiləsiz dəyişməsinə təsir edir. Elm və texnikanın inkişafı ilə yanaşı, ictimai-siyasi həyatda baş verən dəyişikliklərlə bağlı (lobbi, tender, menecer, menecmet, birja, kompensasiya, mediya, diaspor, sammit) yeni-yeni terminlər dilə daxil olmaqdadır. Bu isə dil əlaqələrinin təsiri ilə bağlıdır. Buna görə də dilimizdəki elmi-texniki anlayışların vahid sistem və prinsiplər əsasında qurulması vacibdir. Bəzən Azərbaycan dilində elmi terminlərin yaranma prosesi başqa dillərə, xüsusən rus, ingilis dilinə məxsus ayrı-ayrı terminlər üçün qarşılıq müəyyənləşdirilməsi kimi izah edilir. Əslində isə terminlərin yaradılması hər bir dilin özünəməxsus olan söz yaradıcılığı prosesidir. Bunun üçün terminologiyanın təkmilləşdirilməsi yollarından ən səmərəlisi müxtəlif sahələr üzrə çoxdilli, izahlı terminoloji lüğətlərin tərtib olunmasıdır. 

Lüğətlər tərtib edən zaman nəzərə alınmışdır ki, ingilis dili dünya miqyasında geniş yayılmış beynəlxalq ünsiyyət vasitəsidir. Eyni zamanda respublikada indiyə qədər elm və texnikanın müxtəlif sahələrinin inkişafında rus dilinin rolunun (Azərbaycan-ingilis-rus) nəzərə alınması vacibdir. Bu baxımdan terminoloji lüğətlər tərtib edən zaman türk dilinin də cəlb olunması mühüm əhəmiyyət kəsb edir. Demək, Azərbaycanca, ingiliscə, rusca, türkcə terminoloji lüğətlərin tərtibi günün tələbidir. Bu nəzərə alınaraq Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin yanında Terminologiya Komissiyasının qərarı ilə son illərdə terminologiyanı inkişaf etdirmək və təkmilləşdirmək məqsədilə doxsana qədər terminoloji lüğət nəşr edilmişdir . 

Terminologiya Komissiyasının fəaliyyətinin mühüm bir sahəsini terminlərin kütləvi informasiya vasitələrində, nəşriyyatlarda, idarə və müəssisələrdə, məktəblərdə düzgün tətbiqinə nəzarət təşkil etmişdir. Komissiyada məktubla müraciət olunan bir sıra mübahisəli sayılan, müxtəlif variantlarda işlədilən terminlərin optimal variantı seçilib müzakirə yolu ilə dəqiqləşdirilmişdir.
Terminologiya Komissiyasının qərarı ilə «Terminologiya məsələləri» toplusu da 2000-ci ildən nəşr olunmuşdur. Topluda Terminologiya Komissiyasının qəbul etdiyi terminlər və terminologiyanın nəzəri məsələləri linqvistik təhlilini tapmışdır. 

Azərbaycan dilinin dövlət dili statusu alması müstəqil və yeni təhsil sisteminin yaradılması, bazar iqtisadiyyatına keçid, qloballaşma prosesində Terminologiya Komissiyasının vəzifələri daha da artmışdır. Təəssüflər olsun ki, elm və texnikanın bütün sahələri üzrə hələ də belə terminoloji lüğətlərin hazırlanmasına böyük ehtiyac var. Lakin son vaxtlar nəşr olunan lüğətlərin bir qismi Terminologiya Komissiyasının ayrı-ayrı bölmələrində müzakirə olunmadan, elmi prinsiplər nəzərə alınmadan nəşr olunur və təbii ki, onlar lüğətlərin tərtibinə verilən tələblərə cavab vermir. Bu nəzərə alınaraq lüğətlərin tərtibi üçün nəzəri prinsiplər müəyyənləşdirilməlidir. Dilin qorunmasında və zənginləşməsində mövcud olan problemlərdən başlıcası dilin terminologiyasının inkişafını düzgün istiqamətləndirməkdir. Bu nəzərə alınaraq 2012-ci il 29 mayda Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsi və koordinasiya edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası yaradılmışdır. Eyni zamanda “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 may tarixli 2236 nömrəli Sərəncamında uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti 26 noyabr 2012-ci il tarixində , 277 nömrəli qərarla "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə"si təsdiq edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsini və koordinasiya edilməsini, həmçinin dilin lüğət tərkibinin zənginləşdirilməsini, yeni anlayış və ifadələrin dildə işlədilməsi mümkünlüyünün müəyyənləşdirilməsini, elmi-ədəbi dili təkmilləşdirmək məqsədi ilə kütləvi informasiya vasitələrində, dərsliklərdə və digər tədris vəsaitlərində yeni termin və anlayışların dilin normalarına müvafiq qaydada işlədilməsinə nəzarət funksiyasını yerinə yetirir.

Bununla yanaşı Terminologiya Komissiyasında təkcə respublikada deyil, respublikadan kənarda Azərbaycan dilinin qorunması istiqamətində də mühüm işlər aparılır. Terminologiya Komissiyasına Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının katibliyindən daxil olmuş məlumata əsasən Türk dillərinin vahid terminologiyasının yaradılması sahəsində Ekspertlər Komitəsinin İstanbul şəhərində 16 noyabr 2012-ci il tarixində ilk iclasında iştirak edilmişdir .Bu toplantıda türk dillərinin Ortak Terminoloji Kurulun üzvləri seçilmiş, türk dillərinin ortaq əlifbası qəbul edilmiş və terminologiyanın yaradılması prinsipləri müəyyənləşdirilmişdir. 
5 sentyabr 2013-cü ildə Türki kenesi Terminologiya Komitəsinin təşkilatçılığı ilə Qazaxıstanda yaranan Türki Akademiyasında Türk dillərinin Terminologiya məsələləri – termin yaradıcılığı prosesi ilə bağlı seminar keçirilmişdir. Seminarda Türkdilli respublikalarda terminologiyanın müasir vəziyyəti, gələcək inkişafı müzakirə olunmuşdur. Türk dillərinin ortaq terminologiyasının yaradılması əsas problem kimi geniş şəkildə müzakirə olunmuşdur. Türk dilləri üçün ortaq terminoloji lüğətlərin hazırlanması məqsədəuyğun hesab edilmişdir. 

Hazırda elmlər ümumi xarakter kəsb etməklə müəyyən sahələrə bölünür. Onları ayıran və elmlərin bu şəkildə bölünməsinə səbəb olan amillər, həmçinin onların hər birinə məxsus olan anlayışlar sisteminin müxtəlifliyi hər bir elm sahəsinə aid müəyyən terminlər sisteminin yaranmasına səbəb olur. Ayrı-ayrı elm sahələrinə aid terminlərə xas olan xüsusiyyətlərin ümumi cəhətləri xüsusi olaraq, yəni müstəqil şəkildə öyrənilməsini tələb edir. Bununla yanaşı yeni nəzəri baxışların, konsepsiyaların inkişafı, inteqrasiya, qarşılıqlı əlaqələrin güclənməsi elm sahələrində terminoloji bazanın dinamikliyinə təsir göstərir. Cəmiyyətin bir çox fəaliyyət sahələrinə nüfuz edən qloballaşmanın dilə birbaşa təsiri nəticəsində leksikanın əsasını təşkil edən terminologiya dəyişir, yeniləşir.

Dilin inkişaf səviyyəsi, zənginləşməsi daha çox elm sahələrində baş verən yeniliklərlə bağlıdır. Belə ki, elmi-texniki tərəqqi, ictimai-siyasi həyatın inkişafı terminoloji sistemlərin fasiləsiz olaraq dəyişməsi dilin inkişafına təsir göstərir. Son zamanlar ölkəmizin iqtisadi-siyasi həyatında, ictimai fikrində baş verən proseslər, yeniliklər dilin lüğət tərkibində köklü dəyişmələrə səbəb olmuşdur. Belə ki, əvvəllər ölkəmizdə terminoloji mühiti dövlət və ictimaiyyət tərəfindən nəzarətdə saxlamaq mümkün idi. Çünki həmin vaxtlar xarici dillərdən tərcümə olunan materialların həcmi böyük deyildi, tərcümə prosesinə ciddi nəzarət olunurdu və informasiya vasitələrində verilən materiallar digər tələblərlə yanaşı, ölkə daxilində çap materialları, xüsusi ilə dərslik və dərs vəsaitləri, müxtəlif səviyyəli ekspertiza mərhələlərindən keçirdi.

Digər tərəfdən, TV-lər, radiolar və digər kütləvi informasiya vasitələri müəyyən tələblərə cavab verməli idi. Ancaq son zamanlar ölkəmizdə xarici KİV-lərin fəaliyyətinin genişlənməsi, internetin cəmiyyətin bütün həyatına nüfuz etməsi, insanların müxtəlif bilik sahələrinə aid məlumatları xarici dillərdən birbaşa qəbul etməsinin sürətlənməsi nəticəsində ölkədə terminoloji mühiti nəzarətdə saxlamaq çətinləşmişdir. Belə şəraitdə dilin terminoloji bazasının yad təsirlərdən qorunması, inkişaf etdirilməsi, bütün dünyaya yayılmış Azərbaycanlıların müraciət etmək imkanı olan on-layn resurs bazasının yaradılması və bütövlükdə yeni terminlərin yaradılması prosesində virtual məkanın imkanlarından istifadə edilməsi, o cümlədən, interaktiv forumlar vasitəsi ilə bu prosesə geniş ictimaiyyətin cəlb edilməsi mühüm vəzifələrdən hesab edilir. Bütün bunlar göstərir ki, qloballaşma şəraitində zamanın tələblərinə uyğun Azərbaycan dilinin qorunması və inkişafı prosesində Terminologiya Komissiyasının vəzifələri daha da artmışdır. Respublikasının prezidenti cənab İ.Əliyevin ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmış fərmanı da məhz bu nəcib işə xidmət edir.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.