26.11.2012

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

 QƏRAR

 № 277

 Bakı şəhəri, 26 noyabr 2012-ci il

"Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

 "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 may tarixli 2236 nömrəli Sərəncamının 5-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

"Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

 Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

 Azərbaycan Respublikası Nazirlər  Kabinetinin 2012-ci il 26 noyabr tarixli 277 nömrəli qərarı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında

Ə S A S N A M Ə

1. Ümumi müddəalar

1.1. "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 may tarixli 2236 nömrəli Sərəncamına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası (bundan sonra - Komissiya) Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsini və koordinasiya edilməsini, həmçinin dilin lüğət tərkibinin zənginləşdirilməsini, yeni ədəbi anlayış və ifadələrin dildə işlədilməsi mümkünlüyünün müəyyənləşdirilməsini, elmi-ədəbi dili təkmilləşdirmək məqsədi ilə kütləvi informasiya vasitələrində, dərsliklərdə və digər tədris vəsaitlərində yeni termin və anlayışların dilin normalarına müvafiq qaydada işlədilməsinə nəzarət funksiyalarını həyata keçirir.

1.2. Komissiya ictimai əsaslarla fəaliyyət göstərir və öz fəaliyyətində Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər qanunvericilik aktlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3. Komissiyanın tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

1.4. Komissiya ayrı-ayrı sahələr üzrə bölmələr və işçi qrupları yaradır.

1.5. Komissiya möhürə, ştampa, müvafiq blanklara və bank hesabına malikdir.

1.6. Komissiya Bakı şəhərində yerləşir.

 2. Komissiyanın əsas vəzifələri

2.1. Komissiyanın əsas vəzifələri aşağıdakılardır:

2.1.1. elm və texnikanın, iqtisadiyyat və mədəniyyətin ayrı-ayrı sahələri üzrə izahlı, dialektoloji, ensiklopedik, iki və çoxdilli terminoloji, orfoqrafik lüğətlərin hazırlanmasına elmi-metodoloji rəhbərliyin həyata keçirilməsi və nəşrinə icazə verilməsi;

2.1.2. terminlərin dövri mətbuatda, televiziya və radioda, orta və ali məktəblərin dərsliklərində, idarə və müəssisələrin kargüzarlıq işlərində düzgün istifadəsinə nəzarətin aparılması;

2.1.3. terminologiyanın dilçilik problemlərinin tədqiqinin və müvafiq kadr hazırlığının təşkili və koordinasiyası;

2.1.4. Azərbaycan dilinə yeni daxil edilən termin və anlayışların təsdiqi və ifadə formalarının müəyyənləşdirilməsi;

2.1.5. respublikada elmin, mədəniyyətin, ictimai-siyasi həyatın bütün sahələrində baş verən dəyişikliklər nəzərə alınmaqla, elmi-ədəbi dilin və terminologiyanın inkişaf etdirilməsi və təkmilləşdirilməsi istiqamətlərinin müəyyənləşdirilməsi;

2.1.6. elmi-texniki tərəqqi, ictimai-siyasi həyatda baş verən proseslər nəticəsində yaranan yeni söz və terminlərin istifadəsində vahid metodoloji prinsiplərə riayət olunması məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyasında, elm və təhsil müəssisələrinin nəzdində sahə terminoloji fəaliyyət strukturlarının yaradılması və onlara metodoloji rəhbərliyin həyata keçirilməsi;

2.1.7. müxtəlif elm sahələrini birləşdirən, dünya sivilizasiyasının, ictimai həyatın əksi olan, ayrı-ayrı dillərin fonetik, leksik, qrammatik xüsusiyyətlərini də özündə birləşdirən ter­minoloji lüğətlərin tərkibi kimi Azərbaycan dilinə daxil edilən alınma söz və ifadələrin tənzimlənməsi, dilimizin tələblərinə uyğunlaşdırılması prinsiplərinin müəyyənləşdirilməsi;

2.1.8. Azərbaycan elmi-ədəbi dilində dərslik, monoqrafiya, bədii, publisistik əsərlərdə, o cümlədən kütləvi informasiya vasitələrində, nəşriyyatlarda, reklamlarda, idarə və müəssisələrdə, məktəblərdə, terminlərin istifadəsində mövcud qaydalara əməl edilməsinə nəzarətin təşkili, həmçinin dövlət orqanlarında rəsmi sənədlərin hazırlanmasında istifadə olunan xüsusi norma və tələblərin müəyyən edilməsi məqsədi ilə qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı təkliflərin hazırlanması;

2.1.9. elmi-texniki tərəqqi, ictimai-siyasi həyatın inkişafı nəticəsində terminoloji sistemlərin fasiləsiz olaraq dəyişməsini və inkişafını nəzərə alaraq, qanunvericilik aktlarında terminlərin düzgün işlənməsinə nəzarət məqsədi ilə onların qəbulu mərhələsində terminoloji ekspertizanın təşkil edilməsi;

2.1.10. müasir qloballaşma şəraitində Azərbaycan dilində müxtəlif dillərdən alınan beynəlxalq terminlərin sayının sürətlə çoxalmasını nəzərə alaraq, dilimizin milli köklərinin qorunması, həmçinin zənginləşdirilməsinin davam etdirilməsi məqsədi ilə eyni tarixi-mənəvi kökə malik türk xalqlarının ortaq terminoloji bazasının yaradılması, müvafiq termin yaradıcılığının unifikasiyası normaları və metodoloji prinsiplərinin müəyyənləşdirilməsi;

2.1.11. orfoqrafiya lüğətinin təkmilləşdirilməsi məqsədi ilə yeni terminlərin, coğrafi adların və şəxs adlarının verilmə prinsiplərinin müəyyənləşdirilməsi;

2.1.12. Azərbaycanda yaradılan terminoloji saytların beynəlxalq səviyyədə dillərarası terminoloji lüğətlərin toplanması istiqamətində fəaliyyət göstərən, YUNESKO-nun himayəsi ilə təşkil olunmuş Beynəlxalq Terminologiya Mərkəzinə-TermNet şəbəkəsinə qoşulmasının təmin edilməsi.

 3. Komissiyanın hüquqları

3.1. Komissiyanın öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqları vardır:

3.1.1. Azərbaycan dilinin lüğət tərkibinə daxil olan yeni terminlərin geniş ictimaiyyətə çatdırılması və onların müzakirəsinin təmin edilməsi məqsədi ilə "Yeni terminlər " bülletenini nəşr etdirmək;

3.1.2. ölkədə terminoloji mühitin nəzarətdə saxlanılması məqsədi ilə müntəzəm monitorinqlər aparmaq;

3.1.3. dilin terminoloji bazasını yad təsirlərdən qorumaq, inkişaf etdirmək, dünya azərbaycanlılarının müraciət imkanı olan onlayn resurs bazasının formalaşdırılması və bütövlükdə yeni terminlərin yaradılması prosesində virtual məkanın imkanlarından istifadə etmək, o cümlədən, interaktiv forumlar vasitəsilə bu prosesə geniş ictimaiyyəti cəlb etmək;

3.1.4. müxtəlif elm sahələrinə aid terminoloji lüğətlərin elektron variantlarının virtual məkanda yerləşdirilməsini həyata keçirmək;

3.1.5. elmin müxtəlif sahələri ilə bağlı yaranan terminlərin dildə sabitləşməsı, terminologiyanın nəzəri məsələlərini, terminoloji lüğətlərin tərtibi prinsiplərini və Komissiyanın təsdiq etdiyi terminləri işıqlandıran, Komissiyanın rəsmi orqanı olan "Terminologiya məsələləri" elmi jurnalının nəşrini həyata keçirmək;

3.1.6. Azərbaycan elmi dilinin dərsliklərdə və mətbuatda düzgün əks etdirilməsi məqsədi ilə orfoqrafiya qaydalarının təkmilləşdirilməsi üçün təkliflər hazırlamaq;

3.1.7. Azərbaycan dilinin terminoloji arealının (sahəsinin) müasir metodlarla zənginləşdirilməsi, mövcud terminoloji lüğətlərin vahid mərkəzdə toplanılması, terminlərin izahı və müxtəlif dillərdə qarşılığının tapılması, həmçinin termin yaradıcılığına cəmiyyətin müxtəlif təbəqələri, o cümlədən xaricdə yaşayan soydaşlarımızın cəlb edilməsi məqsədlərinə xidmət edən Azərbaycan terminologiyasının veb-portalının (www.aztermin.az) fəaliyyətini təmin etmək;

3.1.8. virtual məkanda Azərbaycandilli kontentlərdə (veb-saytlarda, e-dərsliklərdə, e-qəzetlərdə və s.) yad sözləri operativ olaraq aşkar etmək, kontent sahiblərini və ictimaiyyəti məlumatlandırmaq, statistik məlumatlar toplamaq, dilin terminoloji tələblərinə əməletmə göstəricilərinə görə reytinqlər müəyyən etmək, terminoloji bazaya daxil ediləcək yeni terminləri müəyyənləşdirmək və s. üçün onlayn terminoloji nəzarət sisteminin (e-terminoloji monitorinq) yaradılmasını müvafiq qaydada təmin etmək;

3.1.9. elmi müzakirələr, simpozium və konfranslar təşkil etmək, ölkə daxilində və xaricdə müvafiq tədbirlərdə təmsil olunmaq.

 4. Komissiyanın fəaliyyətinin təşkili

4.1. Komissiyanın fəaliyyətinə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən sədr rəhbərlik edir.

4.2. Komissiyanın iclasları üç ayda bir dəfədən az olmayaraq çağırılır.

4.3. Komissiyanın iclasları sədrin və ya Komissiya üzvlərinin azı 1/3 hissəsinin təklifi ilə çağırılır.

4.4. Komissiyanın iclasları üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli sayılır.

4.5. İclasların gündəliyi Komissiyanın iş planı əsasında müəyyənləşdirilir. Bu və ya digər məsələnin iclasın gündəliyinə daxil edilməsi sadə səs çoxluğu ilə həll olunur.

4.6. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul olunur və sədr tərəfindən imzalanır. Səslər bərabər bölündükdə, Komissiya sədrinin səsi həlledici hesab edilir.

4.7. Zəruri hallarda, Komissiyanın iclaslarında iştirak etmək üçün müzakirə olunan məsələlərlə bilavasitə əlaqəli olan dövlət və digər orqanların mütəxəssisləri dəvət edilə bilərlər.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.