Azərbaycan Respublikası Nazirlər Kabineti yanında 
Terminologiya Komissiyasının 
Ə S A S N A M Ə S I


I. Ümumi müddəalar

1.1 Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyası Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsi və koordinasiya edilməsini həyata keçirən, o cümlədən dilin lüğət tərkibinin zənginləşdirilməsini reqlamentləşdirən, yeni elmi-ədəbi anlayış və ifadələrin dildə işlədilməsininin mümkünlüyünü müəyyənləşdirən, elmi-ədəbi dili təkmilləşdirmək məqsədi ilə KİV-lər, mətbuat orqanları və dərsliklərdə yeni termin və anlayışların dilin normalarına müvafiq qaydada işlədilməsinə nəzarət funksiyalarına malik olan elmi təşkilatdır.
1.2 Terminologiya Komissiyası 1922-ci il dekabrında N. Nərimanovun təşəbbüsü ilə respublikada terminoloji işi və orfoqrafiya problemlərini qaydaya salmaq üçün Azərbaycan Xalq Komissarlar Şurası yanında yaradılmış İstilah Komissiyası , 1928-ci ildə terminologiya və orfoqrafiyi məsələsini praktik şəkildə və elmi əsaslar üzrə həll etmək üçün Baş Elmi İdarələr Müəssisəsi Dövlət Terminologiya Komitəsi, 1948-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Rəyasət Heyəti yanında Terminologiya Komitəsinin ( 2000-ci ildə AMEA RH yanında Terminologiya Komissiyası adlandırılmışdır) elmi –mənəvi varisidir. 
1.3. Terminologiya Komissiyası öz fəaliyyətini Azərbaycan respublikası Təhsil, Ədliyyə, Rabitə və İT nazirlikləri, TQDK və digər müvafiq ali icra orqanları ilə sıx əməkdaşlıq şəraitində qurur. Terminologiya Komissiyasının fəaliyyətinə elmi metodoloji rəhbərlik AMEA tərəfindən həyata keçirilir.

II. Terminologiya Komissiyasının funksiyaları

2.1. Elm və texnikanın, iqtisadiyyat və mədəniyyətin ayrı-ayrı sahələri üzrə izahlı, dialektoloji, ensiklopedik, iki və çoxdilli terminoloji, orfoqrafik lüğətlərin hazırlanmasına elmi metodoloji rəhbərliyin həyata keçirilməsi və nəşrinə icazə verilməsi.
2.2. Terminlərin dövri mətbuatda, televiziya və radioda, orta və ali məktəblərin dərsliklərində, idarə və müəssisələrin kargüzarlıq işlərində düzgün istifadəsinə nəzarətin aparılması.
2.3. Terminologiyanın dilçilik problemlərinin tədqiqinin və müvafiq kadr hazırlığının təşkili və koordinasiyası.
2.4. Azərbaycan dilinə yeni daxil edilən termin və anlayışların təsdiqi və ifadə formalarının müəyyənləşdirilməsi.
2.5. Respublikada elmin, mədəniyyətin, ictimai-siyasi həyatın bütün sahələri ilə bağlı baş verən dəyişikliklər nəzərə almaqla elmi-ədəbi dilin və terminologiyanın inkişaf etdirilməsi və təkmilləşdirilməsi istiqamətlərinin müəyyənləşdirilməsi. 
2.6. Azərbaycan dilinin lüğət tərkibində baş verən dəyişmələr, cəmiyyətin həyatının müxtəlif sahələrində, o cümlədən, elmi-texniki inkişaf, ictimai-siyasi həyatda baş verən prosesləri özündə əks etdirən yeni yaradılan söz və terminlərin istifadəsində vahid metodoloji prinsiplərə riayət edilməsi məqsədi ilə AMEA-nın elmi bölmələri, universitetlər və digər elm-təhsil və yaradıcılıq təşkilatları nəzdində sahəvi terminoloji fəaliyyət strukturlarının yaradılmasını və onlara metodoloji rəhbərliyin həyata keçirilməsi.
2.7. Müxtəlif elm sahələrini birləşdirən, dünya sivilizasiyasının, ictimai həyatın əksi olan, ayrı-ayrı dillərin fonetik, leksik, qrammatik xüsusiyyətlərini də özündə birləşdirən terminoloji lüğətlərin tərkibi kimi Azərbaycan dilinə daxil edilən alınmaların tənzimlənməsi, dilimizin tələblərinə uyğunlaşdırılması prinsiplərinin müəyyənləşdirilməsi.
2.8. Azərbaycan elmi-ədəbi dilində dərslik, monoqrafiya, bədii, publisistik əsərlərdə, o cümlədən kütləvi informasiya vasitələrində, TV-lərdə, radiolarda, nəşriyyatlarda, reklamlarda, idarə və müəssisələrdə, məktəblərdə terminlərin istifadəsində mövcud qaydalara əməl edilməsinə nəzarətin təşkil edilməsi məqsədi ilə Azərbaycan respublikası Mülki qanunvericiliyinə müvafiq normaların daxil edilməsi haqqında təkliflərin hazırlanması. 
2.9. Elmi-texniki tərəqqi, ictimai-siyasi həyatın inkişafı nəticəsində terminoloji sistemlərin fasiləsiz olaraq dəyişməsinı və inkişafını nəzərə alaraq qanunvericilik aktlarında, məhkəmə sənədlərində, normativ-hüquqi aktlarda terminlərin düzgün işlənməsinə nəzarət məqsədi ilə onların qəbulu mərhələsində terminologi ekspertizasının təşkil edilməsi.
2.10. Müasir qlobalaşma şəraitində Azərbaycan dilində müxtəlif dillərdən alınan beynəlxalq terminlərin sayının sürətlə çoxalmasını nəzərə alaraq, dilimizin milli köklərinin daha yaxşı qorunması və zənginləşdirilməsinin davam etdirilməsi məqsədi ilə, eyni tarixi –mənəvi kökə malik türk xalqlarının ortaq terminoloji bazasının yaradılması, müvafiq termin yaradıcılığının unifikasiyası normaları və metodoloji prinsiplərinin müəyyənləşdiriməsi. 
2.11.Dilə daxil olan yeni terminlərin orfoqrafiyada verilmə prinsiplərinin müəyyənləşdirilməsi
2.12. Terminologiya Komissiyası Azərbaycanda yaradılan terminoloji saytların beynəlxalq səviyyədə dillərarası terminoloji lüğətlərin toplanması istiqamətində fəaliyyət göstərən , YUNESKO-nun egidası altda təşkil olunmuş Beynəlxalq terminologiya mərkəzi –TermNet şəbəkəsinə qoşulmasını təmin etməsi.

III. Terminologiya Komissiyasının strukturu

3.1. Terminologiya Komissiyası elmin, iqtisadiyyatın və dövlət idarəetmə sisteminin müxtəlif sahələrində fəaliyyət göstərən nüfuzlu alim və mütəxəssisləri özündə birləşdirir. 
3.2. Terminologiya Komissiyası Rəyasət heyəti ( sədr, müavinlər, məsul katib),büro üzvləri, icra aparatı və sahə bölmələrindən ibarətdir.
3.3 Terminologiya Komissiyasının Rəyasət heyəti, icra aparatının 
təqdimatı ilə Terminologiya Komissiyasının illik iş planın layihəsini 
formalaşdırır və təsdiq etmək üçün AR NK təqdim edir.
3.4 İcra aparatı TK Əsasnaməsi və iş planına müvafiq olaraq 
Komisssiyanın işini təşkil edir, müvafiq qaydada öz fəaliyyəti haqqında 
hesabat verir.
3.5 Terminologiya Komissiyasının aşağıdakı sahə bölmələri vardır: fizika, riyaziyyat; mexanika və texnika elmləri bölməsi; kimya bölməsi; geologiya bölməsi; coğrafiya bölməsi; biologiya və kənd təsərrüfatı elmləri bölməsi; tarix bölməsi; iqtisadiyyat bölməsi; fəlsəfə bölməsi; hüquqşünaslıq bölməsi; dilçilik bölməsi; ədəbiyyatşünaslıq bölməsi; orfoqrafiya bölməsi; memarlıq, musiqişünaslıq, teatrşünaslıq və dekorativ – tətbiqi sənət bölməsi; tibb elmləri bölməsi; pedaqogika, psixologiya və fənlərin tədrisi metodikası bölməsi; bədən tərbiyəsi və idman bölməsi.

IV. Terminologiya Komissiyasının hüquqları.

4.1. Terminologiya Komissiyasında dillərarası əlaqələrin genişlənməsinin təzahürü kimi Azərbaycan dili leksikasında terminlərin xüsusi çəkisinin artmasını nəzərə alaraq, qəbul etdiyi terminlərin geniş ictimaiyyətə çatdırılması, təklif edilən yeni terminlərin dildə düzgün qarşılıqlarının müəyyənləşdirilməsi, dilə daxil olan yeni terminlərin müzakirəsinin təmin edilməsi məqsədi ilə “Yeni terminlər “ bülleteni nəşr edilir.
4.2. Ölkədə terminoloji mühitin nəzarətdə saxlanılması məqsədi ilə müntəzəm monitorinqlər aparır və nəticələri elan edir .
4.3. Dilin terminoloji bazasının yad təsirlərdən qorunması, inkişaf etdirilməsi, dünya azərbaycanlılarının müraciət imkanı olan on-layn resurs bazasının yaradılması və bütövlükdə yeni terminlərin yaradılması prosesində virtual məkanın imkanlarından istifadə edilməsi, o cümlədən, interaktiv forumlar vasitəsi ilə bu prosesə geniş ictimaiyyətin cəlb edilməsini təşkil edir.
4.4. Müxtəlif elm sahələrinə aid terminoloji lüğətlərin elektron variantlarının virtual məkanda yerləşdirilməsini həyata keçirir.
4.5. Terminologiya Komissiyası rəsmi orqan statusunda “Terminologiya məsələləri” elmi jurnalının nəşrini həyata keçirir. Jurnalda elmin müxtəlif sahələri ilə bağlı yaranan terminlərin dildə sabitləşməsı, terminologiyanın nəzəri məsələləri, terminoloji lüğətlərin tərtibi prinsipləri və TK-nın qəbul etdiyi terminlər öz əksini tapır.
4.6. Termin yaradıcılığının nəzəri problemlərinə həsr edilmiş monoqrafiya, dərslik və dərs vəsaitlərinin nəşri, həmçinin terminologiyanın nəzəri və sahəvi problemlərinə həsr edilən dissertasiyaların mövzularının təsdiqi Terminologiya Komissiyasının rəyi nəzərə alınmaqla təmin edilir. 
4.7. Terminologiya Komissiyası bir qayda olaraq filologiya üzrə fəlsəfə və elmlərı doktoru elmi dərəcələrin verilməsi üçün dissertasiya işlərinin müdafiəsində müvafiq qaydada aparıcı təşkilat qismində iştirak edir. 
4.8. Terminologiya Komissiyası Azərbaycan dilində termin yaradıcılığı prosesini, eləcə də terminologiyanın inkişafının nəzəri metodoloji məsələrinini əhatə edən “Terminologiya məsələləri” toplusunun müntəzəm dövrü nəşrini həyata keçirir.
4.9. Azərbaycan elmi dilinin dərsliklərdə və mətbuatda düzgün əksi üçün orfoqrafiya prinsiplərinin təkmilləşdirilməsi üçün təkliflər hazırlayır.
4.10. Azərbaycan dilinin terminoloji arealının müasir metodlarla zənginləşməsini, mövcud terminoloji lüğətlərin vahid mərkəzdə toplanılması, terminlərin izahı və müxtəlif dillərdə qarşılığının tapılması, həmçinin termin yaradıcılığına cəmiyyətin müxtəlif təbəqələri, o cümlədən xaricdə yaşayan soydaşlarımızın cəlb edilməsi məqsədlərinə xidmət edən Azərbaycan terminologiyası veb portalının (www “Aztermin.az”) fəaliyyətini təmin edir.
4.11. Virtual məkanda Azərbaycan dilli kontentlərdə (veb-saytlarda, e-dərsliklərdə, e-qəzetlərdə və s.) yad sözləri operativ olaraq aşkar etmək, kontent sahiblərini və ictimaiyyəti məlumatlandırmaq, statistika toplamaq, dilin terminoloji tələblərinə əməl etmə göstəricilərinə görə reytinqlər təşkil etmək, onları stimullaşdırmaq, terminoloji bazaya daxil ediləcək yeni terminləri müəyyənləşdirmək və s. məqsədlərlə on-layn terminoloji nəzarət sisteminin (E-Terminoloji monitorinq) yaradılmasını müvafiq qaydada təmin edir. 
4.12. Terminologiya Komissiyası öz missiyası daxilində elmi müzakirələri, simpozium və konfransları təşkil edir, ölkə daxilində və xarici ölkələrdə müvafiq tədbirlərdə təmsil olunur.

V. Terminologiya Komissiyasının fəaliyyətinin təşkili

5.1 Terminologiya Komissiyası Rəyasət heyəti və sahə bölmələrinin fərdi tərkibi AMEA və Təhsil Nazirlikləri ilə razılaşdırılmaqla Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
5.2 İcra aparatı Terminologiya Komissiyasının fəaliyyətinə bilavasitə rəhbərliyi həyata keçirir və öz fəaliyyəti haqqında AR NK-ya illik hesabat verir. İcra aparatının ştat vahidlərinin sayı 10 nəfər təşkil edir. TK icra aparatının strukturu TK Rəyasət Heyəti tərəfindən təsdiq edilir. 
5.3 Terminologiya Komissiyası icra aparatının rəhbəri AMEA RH təqdimatı ilə AR NK tərəfindən vəzifəyə təyin və azad edilir. TK icra aparatının rəhbəri Komissiyanın fəaliyyətinə rəhbərlik edir, ölkədə və xaricdə TK təmsil edir.
5.4 Terminologiya Komissiyası İcra aparatının maliyyələşdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən aparılır. TK icra aparatı əməkdaşlarının əmək haqları və digər sosial təminatları AMEA Rəyasət heyətinin elmi bölmələri səviyyəsində müəyyənləşdirilir. 1952-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı ilə Azərbaycan dilində terminologiya yaradılmasını qaydaya salmaq, respublikamızın elmi-tədqiqat müəssisələrində və ali məktəblərdə aparılan terminoloji işlərə rəhbərlik etmək məqsədilə Azərbaycan SSR Elmlər Akademiyasının Rəyasət Heyəti yanında Terminologiya Komitəsi yaradıldı. Komitənin tapşırığı ilə elmi-tədqiqat institutları öz sahələrinə aid lüğətlər tərtib etməyə başladı. Kommunist qəzeti lüğətlərin nəşr olunması yolları prinsipləri haqqında dilçilər tərəfindən mühüm təkliflər irəli sürülürdü.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının fəaliyyətinin təşkili barədə

“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 may tarixli 2236 nömrəli Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti 26 noyabr 2012-ci il tarixində 277 nömrəli qərarla "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə"ni və həmin tarixli 312 nömrəli sərəncamla "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının tərkibini təsdiq etmişdir. 
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsini və koordinasiya edilməsini, həmçinin dilin lüğət tərkibinin zənginləşdirilməsini, yeni anlayış və ifadələrin dildə işlədilməsi mümkünlüyünün müəyyənləşdirilməsini, elmi-ədəbi dili təkmilləşdirmək məqsədi ilə kütləvi informasiya vasitələrində, dərsliklərdə və digər tədris vəsaitlərində yeni termin və anlayışların dilin normalarına müvafiq qaydada işlədilməsinə nəzarət funksiyalarını həyata keçirir.
Qeyd olunan qərarın icrasını təmin etmək məqsədi ilə AMEA Rəyasət Heyəti Qərara alır:
1. "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 26 noyabr 2012-ci il tarixində, 277 nömrəli qərarı (əlavə olunur) və "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında 26 noyabr 2012-ci il tarixli 312 nömrəli sərəncamı (əlavə olunur) AMEA strukturları tərəfindən rəhbərlik və icra üçün nəzərə alınsın. 
2. AMEA Nəsimi adına Dilçilik İstitutunun Terminologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Sayalı Allahverdi qızı Sadıqova Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini təyin edilsin. 
3.1. Terminologiya Komissiyasına (sədr müavini prof.S.Sadıqova) tapşırılsın :Azərbaycan dilinin lüğət tərkibinə daxil olan yeni terminlərin geniş ictimaiyyətə çatdırılması və onların müzakirəsinin təmin edilməsi məqsədi ilə Terminologiya Komissiyasının bülleteni təsis edilsin. 
3.2. Komissiyanın rəsmi orqanı kimi elmin müxtəlif sahələri ilə bağlı yaranan terminlərin dildə sabitləşməsi, terminologiyanın nəzəri məsələlərini, terminoloji lüğətlərin tərtibi prinsiplərini və Komissiyanın təsdiq etdiyi terminləri işıqlandıran, "Terminologiya məsələləri" elmi jurnalının müntəzəm nəşri təmin edilsin. 
3.3.Dünya svilizasiyasının, ictimai həyatın əksi olan terminoloji lüğətlərin tərkibi müxtəlif elm sahələrini birləşdirdiyi kimi, ayrı-ayrı dillərin fonetik, leksik, qrammatik xüsusiyyətlərini də özündə birləşdirir. Ona görə də dilə daxil olan alınmaların tənzimlənməsi, dilimizin tələblərinə uyğunlaşdırılması prinsipləri terminoloqlar tərəfindən müəyyənləşdirilsin. Bununla bağlı nəzəri tədqiqatlar genişləndirilsin. 
3.4. Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətlənməsi, Azərbaycan dilinin terminoloji arealının müasir metodlarla zənginləşməsi, «elektron hökumət» erasına hazırlığın güclənməsi mərhələsində dilimizdə işlənən, eləcə də yeni yaranan terminlərin toplanması, aprobasiyası və tətbiqinin sürətləndirilməsi, onları sistemləşdirən terminoloji lüğətlərin elektron variantlarının yerləşdirilməsi üçün Terminologiya Komissiyasının «WEB portalı»nın yaradılması sürətləndirilsin.
4. Sərəncamın icrasına nəzarət AMEA-nın birinci vitse-prezidenti, akademik A. Həşimova həvalə edilsin.

 

 

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.