Dilçilik İnstitutunda "Qaynar xətt" xidməti sınaq fəaliyyətinə başlayıb
Fev 16, 2016 | 11:00 /
Oxunub ( 1080 )

AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi AMEA-nın  Dilçilik İnstitutunda “Qaynar xətt”in yaradılmasına köməklik göstərib. Nazirlik tərəfindən nömrə resursu ayrılıb və zəruri avadanlıq quraşdırılıb.

24 saat ərzində fasiləsiz fəaliyyət göstərən 1657 nömrəli “Qaynar xətt”də bütün zənglər qeydiyyata alınır. Həmçinin zənglərin günlük, həftəlik, aylıq statistikasının aparılması da nəzərdə tutulub.

Artıq institutda sınaq zənglərinin qəbuluna başlanılıb. Sınaq zəngləri təxminən martın əvvəllərinə qədər davam edəcək. Bu müddət ərzində dilçi mütəxəssislər irad və təklifləri qeydə alacaq, sualları cavablandıracaqlar.

“Qaynar xətt” “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın tələbinə uyğun olaraq yaradılıb. Vətəndaşlar bu nömrəyə zəng vurmaqla dil qüsurları barədə məlumat verə və Azərbaycan dili ilə bağlı onları maraqlandıran suallara cavab ala bilərlər.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.