
İyn 27, 2018 | 10:31 /
Böyük Şərq filosofu Əbu Turxanın dil haqqında dəyərli bir fikri var: “Dil o zaman inkişaf edir ki, çağdaş düşüncə mövcud dil qəlibinə sığmır”. Başqa bir görkəmli yazıçı da “Dil mədəniyyətlə birgə boy atır”- deyib. Bu gün çağdaş dövrümüzdə əvvəlki qəlibinə sığmayan və milli mədəniyyətimizlə birgə boy atan, inkişaf edən ana dilimiz həmişəki kimi yenə də diqqət mərkəzindədir.
Bu yaxınlarda, daha dəqiq desək, Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ərəfəsində bu möhtəşəm tarixi bayrama həsr edilən dəyərli bir kitab da işıq üzü gördü. Filologiya üzrə elmlər doktoru, professor Sayalı Sadıqova və filologiya üzrə fəlsəfə doktoru Şəbnəm Həsənli – Qəribovanın qələmə aldıqları, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunan “Azərbaycan Xalq Cümhuriyyəti və milli ədəbi dilin inkişaf tarixi (1918-2018)” adlı bu kitabda AXC dövründə dil siyasəti, dövlət dilinin inkişafı və bu dövrdən sonra milli ədəbi dilin inkişaf tarixi sistemli şəkildə tədqiq edilmişdir. Kitabın elmi redaktoru akademik Möhsün Nağısoylu, rəyçiləri professorlar Buludxan Xəlilov, Əzizxan Tanrıverdiyevdir. Müəlliflərin kitaba yazdıqları “Ön söz”dən sonra üç fəsildə oxuculara təqdim etdikləri tədqiqatda, hər fəsil konkret bir dövrü əhatə edir. Belə ki, monoqrafiyada Azərbaycan Xalq Cümhuriyyətində dil məsələlərindən bəhs edən ilk fəsildən sonra, ikinci fəsildə XX əsrin 20-90-cı illərində, sonuncu fəsildə isə ötən əsrin 90-cı illərindən çağdaş dövrümüzədək Azərbaycan ədəbi dilinin inkişaf prosesi dərindən araşdırılmışdır. Kitabın “Ön söz”ündə dilimizin dövlət dili kimi inkişafının dil quruculuğu siyasəti ilə bağlı olduğu və bu baxımdan 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin ilk demokratik respublika kimi həmin siyasətin həyata keçirilməsində böyük rolu olduğu xüsusi diqqətə çatdırılır: “Yenicə yaranan müstəqil Azərbaycan Respublikası fəaliyyətinin ilk günlərində öz dövlət dili haqqında qərar verdi. Bununla da Azərbaycan dili dövlət dili kimi statuslu bir dil olmaq səviyyəsinə yüksəldi. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və tarixi hadisə kimi daxil olmuşdur”.
İlk fəslin “Azərbaycan Xalq Cümhuriyyətində dil siyasəti” adlı birinci bölümündə həmin tarixi gündən, 1918-ci il 27 iyun tarixli qərardan böyük bir qürur hissilə söz açılır, həmin il avqustun 28-də AXC-nin “Birinci və ikinci dərəcə ibtidai məktəblərin, həmçinin orta təhsil müəssisələrinin milliləşdirilməsi haqqında” qəbul etdiyi qərar isə haqlı olaraq, dövlət dili haqqındakı qərardan sonra ana dilini dövlət dili kimi təmin edən ən həlledici addım adlandırılır. Milli məktəb ideyasının reallaşması üçün digər mühüm tədbirlərin də həyata keçirilməsi, türk dilində dərsliklər hazırlanması üçün komissiya yaradılması, həmin komissiyanın xətti ilə nəşr olunan dərsliklərdən və b. söz açılır və bütün bunlarla yanaşı daha mühüm bir məsələnin – əlifba məsələsinin müzakirəsi diqqətə çatdırılır. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ərəb əlifbası islahatı üzrə yaradılan komissiyanın fəaliyyətindən ətraflı bəhs edilir. Əlifba komissiyasının işini təqdir edən, ona öz təklif və layihələri ilə yardım edən ziyalılardan (Y.V.Çəmənzəminli, A.Əfəndizadə və b.) söz açılır. AXC-nin maarif sahəsindəki ən mühüm xidmətlərindən biri – Bakı Dövlət Universitetinin açılması barədə parlament müzakirələri , bu müzakirələrdə universitetin təhsil sistemində dil məsələsinin də önəmli yer tutması diqqətə çatdırılır.
Azərbaycan Xalq Cümhuriyyətinin dövlət dilinin orduda tətbiqi ilə əlaqədar dil sahəsindəki daha bir mühüm tədbiri də tədqiqatda öz əksini tapmışdır. Monoqrafiyada 1918-ci il dekabrın 25-də hərbi nazir təyin edilən artilleriya generalı Səməd bəy Mehmandarovun imzaladığı ilk əmrin orduda dövlət dilinin tənzimlənməsinə aid olduğu xüsusi vurğulanır: “34 nömrəli həmin əmri ilə AXC-nin Hərbi Naziri “… orduda xidmət edən, lakin dövlət dilini bilməyən zabitlər qarşısında belə bir tələb qoyurdu ki, bir ay müddətində heç olmasa komanda sözlərinin azərbaycanca qarşılıqlarını öyrənsinlər və əsgərlərə Azərbaycan dilində komanda versinlər. Bir ay müddətində bu tələbi yerinə yetirə bilməyən zabitlər dərhal ordudan xaric edilməli idilər. Azərbaycan dilinin öyrənilməsi və savadsızlığın ləğvi üçün orduda müvafiq kurslar yaradıldı və həmin kursların aparılmasına təcrübəli mütəxəssislər cəlb edildi. Əsgərlərlə ünsiyyətin, təlimin ana dilində aparılmasına təcrübəli mütəxəssislər cəlb edildi. …”. Daha sonra tədqiqatda hökumətin 1919-cu il fevralın 11-də Azərbaycan milli ordusunda türk dilində süvari qoşunları nizamnaməsinin təsdiqi haqqında qərar qəbul etməsi də diqqətə çatdırılır.
Monoqrafiyanın “Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədəbi dilin inkişafı” adlanan ikinci yarımbölümündə, ilk növbədə bu dövrdə yazılı dillə şifahi nitq arasındakı ciddi fərqin mövcudluğu diqqətə çatdırılır, dilimizin AXC-nin dövlət dili kimi işlənməsi öz təcrübi tətbiqini ilk Azərbaycan parlamentinin dilində tapdığı da xüsusi vurğulanır. Tədqiqata cəlb olunan sənədlərin dili, eləcə də stenoqramlarda öz əksini tapan nitq nümunələrindəki ayrı-ayrı konkret dil faktları müəllifləri parlamentin dili ilə əlaqədar dəqiq qiymətləndirməyə, elmi bir nəticəyə gətirib çıxarır. Qeyd etmək lazımdır ki, dilçi alimlərin bu qiymətləndirməsi, gəldikləri nəticə olduqca qürurvericidir: “Parlamentin iclaslarında nitqlər təkcə dövlət dilimizin mükəmməlliyinin şahidi deyil, həm də yüksək mədəniyyət göstəricisidir. Bu nitqlərin forma və məzmununda Azərbaycan hökumətinin, Azərbaycan parlamentinin ictimai-siyasi mədəniyyəti, dünya demokratiyasına hörməti, bütün mülayimliyi və sərtliyi ilə Azərbaycan diplomatiyasının səviyyəsi, qərəzsizliyi, ehtiyatlılığı əks olunur”.
Bu fəsildə, AXC dövrünün ədəbi dilinin ümumi mənzərəsi barədə aydın təsəvvür yaratmaq məqsədilə dövri mətbuat səhifələri, “Azərbaycan”, “İstiqlal”, “Övraqi-nəfisə”, “Qurtuluş”, “Şeypur” və b. kimi qəzet və jurnallar nəzərdən keçirilir, bu mətbu orqanlarında dərc olunan müxtəlif məqalələr, xüsusilə, dil haqqında qələmə alınan yazılar da tədqiqata cəlb edilir.
Tədqiqatın “XX əsrin 20-90-cı illərinə Azərbaycan ədəbi dilinin inkişafı” adlanan yeddi yarımbölümdən ibarət ikinci fəslində Cümhuriyyətdən sonrakı dövrdə dilçilik sahəsindəki mühüm məsələlər – ötən əsrin əvvəllərində ölkəmizin dil siyasəti, 1920-1990-cı illərdə, xüsusilə, Birinci Türkoloji Qurultayda əlifba və terminologiya problemlərii, dildə orfoqrafiya prinsiplərinin müəyyənləşdirilməsi, Azərbaycan dilində terminologiyanın inkişafı, Azərbaycan dilinin dövlət dili kimi inkişafı məsələləri geniş şəkildə araşdırılmışdır.
XX əsrin 90-cı illərindən çağdaş dövrümüzədək Azərbaycan ədəbi dilinin inkişaf prosesi isə kitabın sonuncu fəslində ətraflı şəkildə öz əksini tapmışdır. Bu dövrdə Azərbaycan Respublikasının dil siyasətindən söz açılmış, müstəqillik illərində əlifba problemi, orfoqrafiya qaydaları tədqiqata cəlb edilmiş, ədəbi dilimizdə terminologiyanın inkişafı, xüsusilə, terminoloji lüğətlərin tərtibi məsələləri geniş araşdırılmışdır. Bu fəsildə müstəqillik illərində mətbuat və ədəbi dil probleminə də xüsusi diqqət ayırılmışdır. Ötən əsrin 90-cı illərindən başlayaraq mətbuatın dilində söz yaradıcılığı prosesində mühüm istiqamətlərin müşahidə olunduğuna diqqəti cəlb edən alimlər, son dövrlərdə, xüsusilə, türk dillərindən, ortaq abidələrimizdən bir mənbə kimi geniş istifadə etməklə dilimizdə işlək olan bir çox sözlərin qarşılığı olaraq yeni sözlər işlədilməsindən bəhs edərək yazırlar: “ Mətbuatda bu mənbə hesabına özləşmə prosesi intensivliyi ilə seçilir. Daha çox ərəb-fars alınmaları dilin söz yaradıcılığı modellərinə uyğun dilin öz sözləri ilə əvəz edilir. Məsələn, toplu (məcmuə), yığıcı ( mürəttib), çağdaş (müasir), yaşar (ədəbi), bilgi (məlumat), … və s. Mətbuatda cəmiyyətdə gedən prosesləri xalqa yığcam, dəqiq çatdırmaq üçün milli mənşəli, milli köklərə söykənən terminlərə üstünlük verilir”. “Mətbuat cəmiyyətdə baş verən bütün yenilikləri – yeni ictimai-siyasi mühiti, iqtisadi şəraiti hərtərəfli işıqlandırmağa çalışır. Mətbuatda sosial-iqtisadi həyatın bütün sahələri canlandırılır”, – deyə dildə yeni yaranan sözlərin də, əvvəlcə, ictimai-siyasi həyatın güzgüsü olan mətbuatda işləndiyini, işləklik qazandıqdan sonra ədəbi dilin lüğət tərkibinə daxil olduğunu xüsusi vurğulayan alimlər haqlı olaraq, mətbuatın dilimizin inkişafı və qorunması sahəsində böyük rolu olduğunu bir daha diqqətə çatdırırlar.
Qeyd edək ki, elmi-ədəbi ictimaiyyətə təqdim edilən “Azərbaycan Xalq Cümhuriyyəti və milli ədəbi dilin inkişaf tarixi (1918-2018)” adlı bu kitabın dəyərli cəhətlərindən biri də kitabın zəngin elmi ədəbiyyat, arxiv sənədləri, mətbuat materialları əsasında qələmə alınması və həmin qiymətli sənədlərin əksəriyyətinin fotosurətinin kitabın “Əlavələr” hissəsində əks olunmasındadır.
Ümumiyyətlə, monoqrafiyanın əsas mahiyyəti ilə əlaqədar müəlliflərin kitabın “Ön söz”ündə yazdığı sözlərlə desək, “əsərdə milli ədəbi dilin Azərbaycan Xalq Cümhuriyyətindən başlanan inkişaf yolu, habelə müstəqil dövlətçilik atributu kimi rolu və funksiyası, tətbiqi vəziyyəti hərtərəfli nəzərdən keçirilmişdir”. Yüz illik bir tarixə bu elmi baxış isə ədəbi dilin inkişaf prosesini, keçilən keşməkeşli yolları dəlillər və faktlar əsasında nəzərdən keçirtmək və qiymətləndirmək baxımından olduqca dəyərlidir.
Görkəmli dilçi alim, Azərbaycan Respublikası Nazırlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadıqovanın gənc və istedadlı alim, filologiya üzrə fəlsəfə doktoru Şəbnəm Həsənli – Qəribova ilə birgə qələmə aldıqları bu dəyərli monoqrafiya Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə gözəl bir töhfədir.
Şəlalə Ana Hümmətli,
filologiya ü.f.d.,dosent