Azərbaycanın görkəmli geoloq alimi, əməkdar elm xadimi, Azərbaycan Dövlət Mükafatı Laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti (2013). Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının sədri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvü.

Akif Əlizadə 25 fevral 1934-cü ildə tanınmış Azərbaycan həkimləri-Ağamehdi və Əfşan xanım Əlizadələr ailəsində anadan olmuşdur. Bu məşhur azərbaycanlı ailəsi öz genetik kökləri ilə respublikanın bir çox görkəmli şəxsləri ilə bağlıdır. Onlardan Azərbaycan xalqının ən məşhur və sevilən seyidlərindən biri Ağa Seyidəli Mirmövsümzadəni, uzun müddət Bakı quberniyası Şiələr Məclisinin sədri, sonralar isə Azərbaycanın Şeyxülislamı kimi yüksək vəzifələri tutmuş görkəmli din xadimi Axund ağa Əlizadəni, Azərbaycan gənclərinin parlaq lideri Məsud Ağa Mehdi oğlu Əlizadəni və başqalarını göstərmək olar.

Orta məktəbi gümüş medalla bitirmiş 

gələcək akademik Azərbaycan Sənaye İnstitutuna daxil olur. Bu, heç də sadə qərar deyildi, çünki ailədə tibb istiqaməti müəyyənedici idi, gümüş medal sahibi isə o dövrlərdə ölkənin istənilən ali məktəbinə müsabiqəsiz daxil olmaq hüququna malik idi. Akif Əlizadə isə geologiyaya üstünlük verdi. Lakin tibb peşəsi ömrü boyu onun sevimli bir istiqaməti olaraq qaldı. Hələ ilk illərdən başlayaraq onun xarakterinin əsas cizgiləri uğursuzluqları dəf etməkdə mətinlik, qeyri-adi məqsədyönlülük, şəxsi intizam, bekarçılıq və nizamsızlığa qarşı dözümsüzlük formalaşmağa başladı.

Tələbə elmi cəmiyyətində fəal iştirakı, ciddi elmi işə həvəs göstərməsi ilə nəticələndi və sonralar seçdiyi bilik sahəsində yeni, hələ öyrənilməmiş məsələlərə can atması gələcək müqəddəratını müəyyən etdi. Məhz buna görə də institutu bitirərək neft mədənlərində quyuların tədqiqi üzrə texnik vəzifəsinin icrasına başlasa da, yenidən elmə qayıtdı. 1957-ci ildə Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutuna işə qəbul edildi. İnstitut həmişəlik fəaliyyət məkanına çevrildi.

Akif Əlizadənin bir alim kimi inkişafı Azərbaycan geologiyasının qızıl dövrünə təsadüf edir. Azərbaycanda geologiya elmi 60-70-ci illərdə özünün inkişaf zirvəsinə yüksəlmişdi. Bu zaman bir neçə geoloq nəslinin səyi nəticəsində regionun geoloji quruluşunun və təkamülünün əsas cizgiləri müəyyən edilmişdi. Bu fundamental nailiyyətlər bazasında Azərbaycan geoloqları tərəfindən uzun illər ərzində respublika iqtisadiyyatının sabit inkişafını təmin edə biləcək neft və qaz, polimetal və filiz, qeyri-metal faydalı qazıntı yataqları kəşf edilmişdir. Bundan əlavə, son onillikdə neft sənayesinin yüksəlişi və bir qədər gecikmiş olsa da, filiz sənayesinin dirçəlişi – bütün bunlar o dövrün geoloqlarının əməyinin bəhrəsidir. Həmin dövrdə Azərbaycanda geologiya və geofizika sahəsində elmi və pedaqoji məktəblər də formalaşmışdı. Elmin sürətli inkişafı gənc alim üçün olduqca əlverişli şərait yaratmışdı. Ardıcıl olaraq əvvəlcə elmlər namizədi, 35 yaşında isə doktorluq dissertasiyas

ı müdafiə etmiş A.Əlizadə SSRİ-də ən gənc yüksək ixtisaslı mütəxəssislərdən biri və Azərbaycan Elmlər Akademiyası sistemində ən cavan direktor müavini olmuşdur.

Bir alim kimi Akif Əlizadənin elmi maraq dairəsi regional geologiya, təbaşir çöküntülərinin stratiqrafiyası, təbaşir dövrünün mollüska faunası kompleksi haqqında təlim, Aralıq dənizi vilayətinin təbaşir onurğasızlar faunasına görə paleobiocoğrafiyası, müxtəlif mollüska qruplarının ümumi təkamül yollarının bərpası kimi problem məsələləri əhatə edir. Fiziki-kimyəvi üsulların ənənəvi paleontologiya və stratiqrafiyaya tətbiqinin vacibliyini dərk edən alim ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq izotop geokimyası üsullarının tətbiqi ilə ilk tədqiqat işləri aparmış, Qafqazda təbaşir dənizlərinin biogeokimyəvi rayonlaşdırılmasını təklif etmiş, qədim dənizlərin və paleohövzələrin geokimyəvi şəraitini, o cümlədən temperatur rejimini öyrənmişdir.

Akif Əlizadənin adı dünya elmi ictimaiyyətinə yaxşı tanışdır. O, 1960-cı ildən Ümumittifaq paleontoloji cəmiyyətin üzvü, Qafqaz regional stratiqrafik komissiyanın sədri, SSRİ EA biosfera problemləri üzrə elmi şuranın üzvüdür. Onun orijinal tədqiqatlarının nəticələri yüksək qiymətləndirilmiş, onların çox hissəsi dərslik və dərs vəsaitlərinə daxil edilmişdir. Elm aləmi Azərbaycan aliminin xidmətlərinə yüksək qiymət vermiş, belemnitlərin yeni ailəsi ("Akifibelidlər") onun adıyla adlandırılmışdır. Bu, paleontoloq üçün böyük şərəfdir.

Akif Əlizadənin çoxsaylı fəaliyyətini şərti olaraq iki mərhələyə ayırmaq olar – 1990-cı illərdən əvvəlki və sonrakı dövrlər. Birinci dövr keçmiş SSRİ-də bir çox alim və elmi rəhbərlərə xas olan tipik inkişaf yolu olub formalaşmış elmi məktəblər çərçivəsində aktiv yaradıcılıq fəaliyyəti, dissertasiya müdafiəsi və elmi-təşkilatı işlərlə səciyyələnir. Geologiya İnstitutu Akif Əlizadənin rəhbərliyi dövründə (əvvəl 1970-ci ildən direktor müavini, 1976-cı ildən isə direktor kimi) Azərbaycan EA sistemində aparıcı elmi mərkəzlərdən birinə çevrildi. İnstitutun elmi fəaliyyətinin effektivliyi o dövrdəki ənənəvi göstəric

ilərə – namizədlik və doktorluq dissertasiyalarının, monoqrafik əsərlərin, keçici bayraqların sayına görə kifayət qədər yüksək olmuşdur. Onlarla gənc tədqiqatçı SSRİ-nin aparıcı elmi mərkəzlərinə məqsədli aspirantura və doktoranturaya ezam edilirdi. İnstitut sürətlə beynəlxalq səviyyəyə çıxırdı, dəniz və okeanların öyrənilməsi üzrə beynəlxalq okeanoloji ekspedisiyalarda iştirak edirdi.

Geologiya İnstitutunun alimləri bir sıra geoloji istiqamətlər üzrə, o cümlədən palçıq vulkanizmi və dərinlikdə yatan neft-qaz yataqlarının formalaşmasının öyrənilməsi sahəsində dünya elmində aparıcı yerlər tuturdular. İnstitutun alimləri dünyada ilk dəfə olaraq dəniz və okeanların su qatında submarin qazohidratları və qazları aşkar etmiş və öyrənmişlər. Nəhayət, mürəkkəb və ziddiyyətli 90-cı illərdə maliyyələşdirmənin tamamilə kəsilməsi, ümumi ənənəvi əlaqələrin, o cümlədən elm məkanında əlaqələrin pozulması, ən qabiliyyətli, bacarıqlı kadrların biznesə, xarici neft şirkətlərinə axını, sadəcə, qazanc dalınca getməsi institutu real dağılma həddinə gətirib çıxartdı. Digər tərəfdən, institutun dünya elmindəki yeri onun əldə etdiyi real nailiyyətlərə uyğun gəlmirdi və buna da informasiyanın zəif olması və xarici həmkarlarımız tərəfindən kifayət qədər tanınmaması səbəb olmuşdu. Həmin məqamda gələcək fəaliyyət istiqaməti düzgün seçildi və bu yolun seçilməsi sonralar özünü doğrultdu: dünya elminə sürətli inteqrasiya, qabaqcıl texnologiya və metodlara yiyələnmə, kadrların hazırlanması və təkmilləşdirilməsi.

1994-cü ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə "Əsrin müqaviləsi" neft kontraktı imzalandı. Bu müqavilə uzun illər ərzində Azərbaycanın inkişafının bütün sahələrini əhatə etməklə oriyentir oldu. Hazırda bu strateji kurs Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Həmin mürəkkəb illərdə akademik Akif Əlizadə dünyanın elm "bazarı"nın yeni şəraitində çalışa bilən istedadlı komandanın fəaliyyətini təşkil və təmin etməyi bacardı.

O illərdə Neft geologiyası və geokimyası institutu maliyyə, kadr və mənəvi böhrandan tədricən çəkib çıxaran lokomativ rolunu oynadı. Həmin elmi istiqamətin ardınca üçüncü dövr stratiqrafiya və paleontologiya, struktur və regional geologiya istiqamətləri böyük fayda gətirdi. Bu dövrdə eksperimental baza haqqında düşünmək real olmadığı üçün əsas diqqət kompüterləşmə və informasiya texnologiyaları, xüsusilə də, multidissiplinar tədqiqatların maksimal inkişafına yönəldilmişdi. Belə islahatların aparılması çox böyük təşkilatçılıq məharəti tələb edirdi. Fasiləsiz təmaslar, görüşlər, xarici ölkələrə səfər, çoxsaylı konfranslarda iştirak – bunlar Geologiya İnstitutu direktorunun böyük təşkilatçılıq işinin yalnız bir hissəsidir. Son on il ərzində dünyanın aparıcı neft şirkətlərinin elmi mərkəzləri ilə birlikdə 50-dən artıq elmi-tədqiqat işi yerinə yetirmişdir.

Eyni zamanda, kadr hazırlığı və qabaqcıl texnologiyalara yiylənmək məsələləri həll edilirdi. Cənubi Karolina, Yuta və digər universitetlərə pesrpektivli gənc kadrlar uzunmüddətli ezamiyyətə göndərilir, xarici universitetlərin aparıcı alimləri Geologiya İnstitutuna dəvət olunurdu. Bu, institutun çox da böyük olmayan maliyyə resurslarına təsir göstərirdi, institut 15 il ərzində, elə indi də büdcədənkənar vəsaitlərlə öz tədqiqatlarını təmin edir. Yeni maliyə imkanları axtarıb tapmaq və ən başlıcası, onları optimal bölüşdürmək məsələsini "kiçik bir möcüzə" adlandırmaq olar. Xarici neft şirkətləri elmi mərkəzlərinin əməkdaşları ilə əlaqələrin genişlənməsi xarici ölkə universitetləri ilə əməkdaşlığı kəskin sürətdə aktivləşdirir. Bu, Azərbaycan alim-geoloqlarının beynəlxalq nüfuzunun yüksəlməsi və onların dünya elmi ictimaiyyətində statusunun xeyli artması deməkdir. Geologiya İnstitutu Azərbaycan elmi müəssisələri sırasında ən çox qrant qazanan təşkilatdır. İnstitut "Soros", "İNTAS", "NATO", "CRDF", "KOPERNİCUS" kimi məşhur fondlar, Ukrayna Elm Fondu, Amerika Milli Elm Fondu ilə qarşılıqlı maraq əsasında fəaliyyət göstərir və işləyir. Partnyorların coğrafiyası qeyri-adi dərəcədə genişlənmişdir. Bunlar Böyük Britaniyanın Kembric, Aberdin universitetləri, ABŞ-in Cənubi Karolina, Yuta, Vayominq, Merilend, Kaliforniya universitetləri, Massaçusets Texnologiya İnstitutu, Pyer və Mari Küri Universiteti, Neft İnstitutu (Fransa), Karlsrue, Hannover universitetləri (Almaniya), Moskva Dövlət Universiteti (Rusiya), Delft (Niderland), İstanbul (Türkiyə) universitetləri və başqalarıdır.

MDB ölkələri və Sakit okean regionu alimləri ilə əməkdaşlıq aktivləşdirilir, əlaqələr bərpa etdirilir. Yaponiya Milli Şirkəti, Cənubi Koreya institutları (KİQAM), Çanq-Konq (Tayvan) Universiteti, İndoneziya Milli Neft Şirkəti ilə müştərək işlərin aparılması institutun fəaliyyətinin yeni mərhələsi ilə əlamətdardır. Hazırda institutun şöhrəti təkcə milli və regional səviyyədə deyil, bir sıra elmi istiqamətlər üzrə regionun sərhədlərini aşmışdır.

Yüksək texnologiyalar sahəsində dünyada lider olan Massaçusets Texnologiya İnstitutu ilə birlikdə 10 ildən artıq müddətdə kosmik geodeziya vasitəsilə Qafqaz, Yaxın və Orta Şərq, Orta Asiya regionunda iri blokların hərəkət sürətinin və istiqamətinin öyrənilməsi üzrə işlər aparılmışdır. Bu işlər nəticəsində əldə edilmiş məlumatlar dünyanın ən nüfuzlu elmi jurnallarında çap olunmuş, beynəlxalq konqres və konfranslarda məruzə edilmişdir. İnstitut geologiya elminin fundamental istiqamətləri ilə yanaşı, respublikanın mühüm iqtisadi inkişaf problemlərinin həllində də fəal iştirak edir.

Azərbaycan höküməti tərəfindən təsdiq edilmiş üçkompleksli elmi-texniki proqram bu gün institutun fəaliyyətinin prioritet istiqamətidir: 1) Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunmasına yönələn karbohidrogen potensialının və regionda müasir geodinamik vəziyyətin qiymətləndirilməsi; 2) mineral xammalın çıxarılmasında ekoloji təhlükəsiz texnologiyaların işlənib hazırlanması; 3) Azərbaycanda geoloji müxtəlifliyin və təbiət abidələrinin qorunub saxlanılması.

Akif Əlizadənin rəhbərliyi ilə yaradılmış və nəşr edilmiş səkkizcildlik unikal fundamental əsərlər – "Azərbaycan geologiyası", habelə ensiklopedik "Azərbaycanın mineralları" atlası öz elmi və maarifləndirici əhəmiyyətə malikdir.

İnstitut müntəzəm olaraq respublika elmi-geoloji seminarlar, gənc alimlərin müsabiqə və konfranslarını keçirir. Bu konfranslar təcrübi baxımdan gənc alimlərin respublikada geologiya və geofizika sahəsində apardıqları elmi işlərin nəticələrinin mübadiləsi üçün yeganə forumdur.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.