AR NK yanında Terminologiya Komissiyasının qərarı olmadan terminoloji lüğət nəşr olunmamalıdır
Okt 16, 2015 | 12:19 /
Oxunub ( 1084 )

Azərbaycan Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının müvafiq qərarı olmadan lüğət və sahələr üzrə ensiklopediyalar hazırlayaraq çap etdirən insanlar məsuliyyətə cəlb olunacaqlar. Bunu Trendə Komissiyasının sədri müavini Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, bununla bağlı komissiya ölkədə fəaliyyət göstərən bütün ali məktəb rektorlarına, elmi-tədqiqat institutlarının direktorlarına məktubla müraciət etməyə hazırlaşır.

"Lüğətlər stolüstü kitablardır. İstənilən ali məktəb müəllimi, institut işçisi lüğət hazırlayır və onlar özləri həmin lüğətləri heç bir müzakirədən keçmədən, heç bir qərar olmadan çap etdirirlər. Buna görə də TK-nın qərarı olmadan lüğətlər nəşr olunarsa və yaxud sahələr üzrə ensiklopediyalar hazırlanarsa, həmin şəxslər əsasnaməyə uyğun olaraq, məsuliyyətə cəlb olunacaqlar", - Sadıqova deyib.

O əlavə edib ki, terminoloji lüğətlər və sahələr üzrə ensiklopediyalar özbaşına nəşr olunmamalıdır. Komissiyanın ən böyük məqsədi də buna nail olmaqdır.

Komissiyanın sədr müavini bildirib ki, lüğətlərin, ensikpolediyaların özbaşına çap edilməsi həmin şəxslərin prezidentin sərəncamına riayət etməməsi deməkdir.

"Bundan böyük qınaq ola bilməz. Prezident sərəncam verib ki, bu lüğətlər və ensiklopediyalar TK-dan keçməlidirlər. Hər bir şəxs özü müstəqil oturub lüğət yazıb çap etdirə bilməz. Məsələn, satışda "İqtisadiyyatın əsasları" var. Ancaq baxırsan ki, kitabın icində lüğət var. Kitab "İqtisadiyyatın əsasları" adlanırsa, o, nəzəri kitab olmalıdır. Əsasnamədə qeyd edildiyi kimi Respublikada nəşr edilən bütün terminoloji lüğətlər Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında qeydiyyatdan keçməli və onun qərarı ilə nəşr edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının qərarı olmadan terminoloji lüğətlərin nəşri qəti qadağan edilir", - Sadıqova deyib.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.