Milli Terminoloji İnformasiya Sisteminin konsepsiyası çərçivəsində bir sıra tədbirlər həyata keçirilir
Yan 18, 2017 | 03:00 /
Oxunub ( 390 )

Yanvarın 18-də AMEA-nın Rəyasət Heyətinin iclasında Milli Terminoloji İnformasiya Sisteminin (MTİS) konsepsiyasının reallaşdırılması və milli terminoloji veb-portalın istismarının təşkili məqsədilə irəli sürülən təkliflər müzakirə olunub.

Məsələ ilə bağlı çıxış edən AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na əsasən, müvafiq qurumlar qarşısında mühüm vəzifələr qoyulub. Dövlət Proqramı çərçivəsində Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin dəstəyilə AMEA İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssisləri tərəfindən MTİS-in konsepsiyası və veb-portalı işlənilib.

Akademik Rasim Əliquliyev 25 noyabr 2016-cı il tarixində İnformasiya Texnologiyaları İnstitutunda MTİS-in konsepsiyası və milli terminoloji veb-portalın təqdimat mərasiminin keçirildiyini xatırladıb. Qeyd edib ki, həmin tədbirdə Azərbaycan dilinin saflığının qorunub saxlanılması və inkişaf etdirilməsi, terminoloji informatika sahəsində elmi tədqiqatların genişləndirilməsi kimi bir sıra mühüm məsələlər müzakirə olunub: “Konsepsiyada terminologiya sahəsində dövlət siyasəti, mövcud vəziyyət və milli terminoloji informasiya sisteminin yaradılmasını zəruri edən amillər önə çəkilib, bu sahədə beynəlxalq təcrübə və standartlar araşdırılıb, sistemin konseptual əsasları və arxitektur-texnoloji prinsipləri işlənilib, sistemin reallaşdırılmasından gözlənilən nəticələr və perspektivlər irəli sürülüb”.

Akademik Rasim Əliquliyev “www.azterm.az” (www.terminologiya.az) adı altında yaradılan veb-portalın Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyası və onun elmi bölmələrinin fəaliyyətini, terminoloji lüğətlər və Azərbaycan dilinin digər lüğətlərini əks etdirən böyük informasiya bazasına və geniş axtarış imkanlarına malik informasiya resursu olduğunu diqqətə çatdırıb. Ən yeni texnologiyalar əsasında yaradılan veb-portalın vətəndaşlara e-terminoloji xidmətlər göstərməklə yanaşı, termin yaradıcılığı prosesinə geniş ictimaiyyətin cəlb edilməsi məqsədi daşıdığını vurğulayıb.

İclasda qeyd olunanları nəzərə alaraq, AMEA Rəyasət Heyəti “Milli Terminoloji İnformasiya Sisteminin konsepsiyası və veb-portalı haqqında” qərar qəbul edib. Qərarda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə milli terminoloji standartların işlənilməsi, beynəlxalq əməkdaşlığın, terminoloji informatika sahəsində elmi-nəzəri problemlərin araşdırılması, “www.azterm.az” portalının informasiya təminatının həyata keçirilməsi, istismarının təşkili və s. istiqamətlərdə mühüm məsələlər öz əksini tapıb.

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.