“İzahlı dilçilik terminləri lüğəti”nin təqdimatı olub
Noy 07, 2018 | 03:00 /
Oxunub ( 40 )

AZƏRBAYCAN  MİLLİ ELMLƏR AKADEMİYASI

NƏSİMİ ADINA DİLÇİLİK İNSTİTUTU

T Ə Q D İ M A T I

 

                                                                                    

Ünvan: (H.Cavid pr.115, IV mərtəbə) keçiriləcək                           Tarix: 07 noyabr  2018-ci il                                                                           

                                                                                                            İclas 1500 da başlanır 

                                                                                       

 

 

 

         AMEA Nəsimi adına Dilçilik İnstitutunda yeni nəşr olunan  “İzahlı dilçilik terminləri lüğəti”nin (tərtibçilər: prof. Sayalı Sadıqova, dosentlər: Natəvan Hüseynova, İradə Abdullayeva, Svetlana Novruzova, Şəbnəm Həsənli-Qəribova)  təqdimatı.

GÜNDƏLİK

 

         Giriş sözü:                 AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəyli.

 

         Çıxışlar:                     1. AMEA, Nəsimi adına Dilçilik İnstitutunun

                                             direktoru, akademik Möhsün Nağısoylu;

                                              2. AMEA, Nəsimi adına Dilçilik İnstitutunun elmi

                                              işlər üzrə direktor müavini,dosent  Baba Məhərrəmli;

     3. AMEA, Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi    

     dilçilik şöbəsinin müdiri,professor İsmayıl Məmmədli;

     4. AMEA, Nəsimi adına Dilçilik İnstitutunun Müasir 

     Azərbaycan dili şöbəsinin müdiri, professor  İsmayıl

     Kazımov.

Müasir dövrdə elmlərin inteqrasiyası prosesinin güc­lən­məsi müx­təlif elm sahələrində, o cümlədən də dilçilikdə yeni elmi isti­qa­mətlərin sürətlə inkişaf etməsi üçün əsaslı zəmin yaratmışdır. Dil­çi­lik­də yeni istiqamət və sahələrə münasibət, şübhəsiz ki, aparılan tədqiqat işlərindən asılı olaraq formalaşır. Son dövrlərdə mətn dil­çili­yi, nəzəri dilçilik, kompüter dilçiliyi, koqnitiv dilçilik, psixolinqvistika və para­linq­vistikaya dair araşdırmalar gedir. Qeyd edək ki, dilçilikdə bu isti­qamətlərdə yeni sahələr yaranmışdır. Diqqəti cəlb edən başqa bir cəhət xarici dilçiliyin fundamental tədqiqat işlə­ri­nin Azərbaycan dilinə tər­cüməsi ilə bağlıdır. Belə tərcümələr də Azər­baycan dilində dilçilik ter­minlərinin yaranmasına təsir gös­tə­rir. Dil­çiliyin bir elm ki­mi müxtəlif istiqamətlərdə inkişafı, başqa elm sa­hələri ilə inteqra­siyası mövcud ter­minoloji sistemdə əsaslı dəyiş­mə­lərə səbəb olmuşdur. Azər­bay­can­da nəşr olunmuş dilçilik terminləri lü­ğətlərində bu ter­min­lər əhatə olun­ma­mışdır. Ona görə də müxtəlif təd­qi­qat işlərində, yeni yazılan dərs­liklərdə terminlərin işlənməsi bə­zən elmi mübahisə ob­yek­tinə çevrilir. Çox vaxt tədqiqatlarda termin an­­laşılmazlığının olması ilə bağlı iradlar səslənir. Dil­çi­lik elminin müasir inkişaf səviyyəsi, yeni-yeni istiqa­mət­lərin təşəkkülü, elm­lərin inteqrasiyası və diferensi­ya­sının nəticəsi ola­raq dilçiliyin həm­hüdud sahələrinin inkişafı yeni terminlərin yaran­ma­sına səbəb olur. Hazırda bu proses da­vam etmək­də­dir. Bu terminlərin ifadə olunmasında dilin daxili im­kan­ları əsasın­da termin yaradıcılığı ilə paralel terminalma da sürətli forma almışdır. Müasir dövrdə termi­no­logiyada gedən prosesləri sə­ciy­yə­lən­dirən əsas cə­hətlərdən biri bey­nəlmiləl terminlərin sayının sü­rətlə art­ma­sıdır. Dil­çilik el­minin sürətli inkişafı, yeni dilçilik sahə­ləri­nin ya­ran­­ması bu sahədə yaranan termin­lərin toplanmasını, on­ların sis­temləş­di­ril­məsini və izahlı dilçilik ter­minləri lüğətinin tərtibini zəruri edir. Hazırda dil­çiliyin müxtəlif sahə­lə­ri ilə bağlı aparılan təd­qi­qatlar da lüğətin tərtibi üçün zəmin hazır­la­mışdır. Azərbaycan dilinin dilçilik ter­mi­nolo­gi­ya­sının ni­za­ma salın­ma­sına kəskin ehtiyac du­yu­lur. Bu nəzərə alına­raq tərtib olunan lüğət­də el­mi monoqrafiyalarda, tədris işində tez-tez rast gəli­nən 8500 termi­nin definitiv tərifinə, şər­hi­nə geniş yer verilmişdir. “İzah­lı dilçilik termin­ləri lüğəti”ndə əksər ter­min­lərin Azərbaycan dilində izahını vermək (məsə­lən, heca vurğusu – sözdəki hecalardan birinin digərinə nisbətən qüvvətli tələffüz edilməsinə heca vurğusu deyilir. Sözün tərkibindəki he­calardan biri­nin qüvvətli şəkildə və ya səs tonunu dəyişməklə tələf­füz edilərək başqa­la­rından fərqləndiril­məsi. Heca vurğusunun düz, qal­xan, enən, enən-qalxan, qal­xan-enən növləri vardır. Sözdə vurğu­nun ye­­ri çox müxtəlifdir. Belə ki, vurğu bütün dillərdə həmişə sözün bir he­­cası üzərinə düşmür, həm sözün əv­vəlində, həm ortasında, həm də so­nunda ola bilir. Bu cəhətinə görə heca vurğusu iki yerə bölünür: 1. sər­­­bəst vurğu; 2. sabit vurğu) və dilçiliyimizdə müəyyən tarixə ma­lik, qəbul edilmiş və işləklik qazanan terminlərin saxla­nıl­ma­sı (mə­sə­lən, sait, samit, feil, isim və s.) prinsipi əsas götürülmüşdür. Bun­dan baş­qa bir çox dünya dil­lərində işlənən və Azərbaycan dilində qarşı­lı­ğı­nı tam şə­kildə yaratmaq müm­kün olmayan (adstrat, adverbial, se­man­tika) ter­min­lər ol­duğu kimi sax­lanılmışdır. “İzahlı dilçilik ter­min­ləri” lüğətinin tərtibi prosesində aşağıdakı isti­qa­mətlər aparıcıdır: - dilin öz daxili im­kanları hesabına yaranan termin­lər; - rus dilindən, rus dili vasitəsi ilə baş­qa dillərdən bir­başa alınmış terminlər; - ingilis dilindən birbaşa alı­nan ter­­minlər; - qohum türk dillərindən alınan terminlər.

Lüğətin sözlüyünün hazırlanması zamanı aşağıdakı meyar və prin­siplər gözlənilmişdir:

  • Lüğətdə baş sözlər əlifba sırası ilə iri və qara şriftlə verilir.
  • Lüğətin sözlüyünə daxil edilən dilçilik termin­lərinin ge­niş, daha dolğun izahı verilir.
  • Sözlükdə əsas lüğət məqaləsindən sonra söz birləşməsi və baş sözlər də öz əksini tapmışdır. Ehtiyac olduqca “bax” mə­qalələri də verilmişdir.
  • Əsas maddədə mövzu ilə əlaqədar terminlər yenə də daxili əlifba sırası ilə qruplaşdırılmışdır.
  • Lüğətdə terminlərin orfo­qra­fiyası müasir ədəbi dilimizin or­fo­qrafiya normalarına uyğun verilmişdir.

Göstərilən prinsiplər əsasında tərtib edilmiş lüğətdə elmi-tədqi­qat və tədris prosesində tez-tez rast gəlinən terminlərin şərhinə geniş yer verilmişdir. Bə­zi tədqiqatçılar öz əsərlərində əsaslandırıl­mamış ter­min­lərdən istifadə edir­lər. Belə fərdi terminlər lüğətə daxil edil­mə­mişdir. Lüğətə dilçilikdə vahid formada qəbul edilmiş və eyni mə­nada işlənən terminlər daxil olmuşdur. Lakin bu terminlərin izahında bir-birindən fərqli fikirlər də mövcuddur. Belə terminlərin izahında, bir sıra mü­ba­hisəli məsələlərin həllində son tədqi­qat­lar əsas götürül­müş­dür. Lüğəti Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları – pro­fessor Sayalı Sa­dıqova, filologiya üzrə fəlsəfə doktorları Natəvan Hüseynova, İradə Ab­dul­la­yeva, Svetlana Novruzova, Şəbnəm Hə­sənli-Qə­ribova tərtib etmişdir.

Bu yaxın­larda nəfis şəkildə “Elm” nəşriyyatında çapdan çıxan “İzah­lı dilçilik termin­ləri lüğəti”nin (Bakı, 2018, 912 s.) Nəsimi adına Dilçilik İnstitutunda təqdimatı keçirilmişdir. Təqdimatı AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli giriş sözü ilə açmış, akademik Möhsün Nağısoylu, professor Qəzənfər Kazımov, professor İsmayıl Məmmədli , professor İsmayıl Kazımov ,professor Sayalı Sadıqova və Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini Baba Məhərrəmli çıxış etmişdir. Hazırda terminologiya xüsusi diqqət mərkəzində olmuş, lüğətlərin meydana gəlməsi sahəsində müəyyən işlər görülmüş və görülməkdədir. Müstəqillik illərində Azərbaycan dilində elmin əksər sahələrində işlədilən terminlər sistemləşdirilərək 150-yə qədər lüğət tərtib edilmişdir.

Uzun illər ərzində  dilçilik elmin bir çox sahələrinin sistemli şə­kildə araşdırılması onun formalaşmasına və inkişafına tə­kan vermişdir. Bu inkişafla bağlı mütəxəssislər və elmi-tədqiqatla məşğul olan tədqiqatçıların araşdırmaları dil ba­zasının genişlənməsinə, yeni terminlərin, anlayışların ya­ran­masına səbəb olur. Məhz buna görə də, elmin bütün sahə­lərində çalışan tədqiqatçıların normativ sənədlərin tər­tibi zamanı qarşılaşdıqları çətinlikləri aradan qaldırmaq,  zəruri ehtiyaclarını təmin etmək məqsədilə elmi fəaliyyətdə istifadə olunan, elmi bazanı (termin, məfhum anlayışları əhatə edən) özündə əks etdirə bilən lüğətlərin ana dilində işlənib hazırlanması zərurəti yaranmışdır. Bu baxımdan tər­tib olunan “İzahlı Dilçilik terminləri lü­ğətin”də dilçilikdə istifadə olunan terminlər toplanmış və onların ana dilində izahı verilmişdir.Terminologiyanın dilin lüğət tərkibində xüsusi bir yeri vardır. Terminlər xüsusi elmi anlayışlar sistemidir. Odur ki, hər bir elm terminlər sisteminə malikdir. Müasir dövrdə terminologiya həm nəzəri, həm də praktik cəhətdən hərtərəfli öyrənilir, tədqiqat işləri yazılır, yeni-yeni araşdırmalar aparılır, ədəbi dilin leksik-semantik sistemində tutduğu yer müəyyənləşdirilir və sistemləşdirilir, unifikasiya edilir. Bunun müqabilində də terminləri şərh və izah edən müxtəlif tipli lüğətlər meydana gəlir. Qloballaşma dövründə Azərbaycan dilində sürətlə müxtəlif elm sahələrinə aid yeni terminlər yaranır. Bu terminlərin toplanması, unifikasiya edilməsi baxımından izahlı lüğətlərin tərtibi mühüm əhəmiyyət kəsb edir.  Hazırda dilçilik elminin geniş tədqiqi ilə bağlı (ədəbiyyatlarda həmin sahədəki vəziyyəti əks etdirən) yeni terminlər və sözlər dinamik inkişafdadır. Dinamik inkişafla bağlı, bu sahədə  müasir biliklər əsasında formalaşmış terminlər daima yaranır. Bütün bunlarla yanaşı, hazırda dilçiliyin sahələri genişlənmiş və çoxlu tədqiqat əsərləri yazılmışdır. Bunun nəticəsində bu sahədə yeni terminlər yaranmışdır. Müxtəlif dilçilik məktəblərinin və cərəyanların yaranması, ən geniş yayılmış terminlərin dilə gətirilərək fərqli mənalarda işlədilməsi və s. daha böyük, akademik dilçilik terminləri lüğətinin hazırlanmasını tələb edirdi. Bu terminləri toplamaq ,yeni lüğətlər hazırlamaq zamanın tələbidir. Uzun çalışmalardan sonra ərsəyə gələn bu lüğətin özündən əvvəlkilərdən əsaslı fərqi ondan ibarətdir ki,  dilçiliyin bütün sahələri ilə bağlı  terminlər toplanmış və onların mənası, mahiyyəti ətraflı izah edilmişdir . Məhz bu cəhətlər əsas götürülərək, müasir tələblər nəzərə alınaraq belə bir lüğət – yeni fundamental “İzahlı dilçilik terminləri lüğəti”(Bakı, Elm, 2018) ərsəyə gəldi. 912 səhifədən ibarət lüğət  sözlüyü, öz izahı və tərtibi prinsipləri ilə indiyə qədər çap olunan lüğətlərdən  fərqlənir. Lüğət həm sözlüyünə görə, həm geniş tutumlu şərhinə görə, həm də normativliyinə görə diqqəti cəlb edir. Təqdim olu­nan termin və anlayışların  məqalələr şəklində verilməsində əlifba prinsipi əsas götürülmüşdür. Belə yanaşma terminlərin Azərbaycan dilində geniş izahının asan əldə edil­məsinə kömək edir. Lüğəti tərtib edən zaman yeni anla­yışların ifadəsi üçün alınma terminlərdən çox sözseçmə  prin­sipinə – dilin lüğət tərkibində işlənən, ya da kalka yolu ilə yaradılan terminlərə üstünlük verilmişdir. Bununla yanaşı, son illərdə Avropa dillərindən dilimizə ke­çən bey­nəlxalq dilçilik ter­minlər mənbədə olduğu kimi verilmişdir. Alınma ter­min­lər Azərbaycan dilinin qaydalarına uyğun­laş­dırılaraq izahı veril­mişdir. Ter­minlərin izahı elə qurulmuşdur ki, təsnifat nəti­cəsində onlar arasında yaranmış əlaqə it­məsin. Lüğət tərtib edilərkən aşağıdakı istiqamətlər nəzərə alınmışdır: milli dilimizdə yaranan terminlər, vaxtilə rus dilindən və rus dili vasitəsilə başqa dillərdən alınma terminlər, hal-hazırda qohum türk dillərindən alınma sözlər və dilimizə Avropa dillərindən birbaşa keçən terminlər.

Terminologiya Komissiyasının sədr müavini, filologiya üzrə elmlər doktoru, professor Sayalı Sadıqovanın rəhbərliyi ilə nəşr olunan “İzahlı dilçilik terminləri lüğəti” həcminə görə nəşr olunan sözlüklərdən  fərqlənir. Lüğətdə 8500 qədər  termin toplanmış və izah olunmuşdur ki, bunlar da müasir dil, dil tarixi, dialektologiya, üslubiyyat, nitq mədəniyyəti, onomastika, müqayisəli və tətbiqi dilçiliklə bağlıdır. Lüğəti Nəsimi adına Dilçilik İnsti­tu­tunun əməkdaşları: pro­fessor Sayalı Sa­dıqova, filologiya üzrə fəlsəfə doktorları Natəvan Hüseynova, İradə Ab­dul­la­yeva, Svetlana Novruzova, Şəbnəm Hə­sənli-Qə­ribova tərtib etmişdir. Bu lüğət Azərbaycan dilçilik elminə qiymətli bir hədiyyədir. Əsər müstəqilliyimiz dövründə Azərbaycan dilinə daxil olan yeni terminlərin şərhi baxımından çox dəyərlidir. Lüğət normativlik prinsipi əsasında yazılmışdır. Sözlük hazırlanarkən ali və orta məktəb dərsliklərində, dərs vəsaitlərində işlənərək sabitləşmiş terminlər əsas götürülmüşdür.

            “İzah­lı dilçilik termin­ləri lüğəti” öz orijinallığı və həcmi baxımından fərqlənir, müasir tələblərə cavab verir. Lüğətin tərtibində aşağıdakı prinsiplər əsas götürülmüşdür:

1. Lüğətdə bütün baş terminlər əlifba sırası ilə ve­rilmişdir.

2. Terminlərin izahı Azərbaycan dilində məqalələr şəklində verilmişdir.

 3. Terminlərin izahı   Azərbaycan dilində  konkret və də­qiq verilmişdir.

4. Müxtəlif mənalar verilən zaman onlar arasında nöqtəli ver­gül qo­yulur.

Yeni lüğətin ən dəyərli cəhətlərindən biri də budur ki, burada dilimizə son       dö­nəmlərdə təzə daxil olan dilçilik terminləri də verilmişdir. “İzahlı dilçilik terminləri lüğəti”ndə dilimizə yeni daxil olan slenq, dil korpusu, konsept, koheziya, koherensiya, koqnitiv tipl terminlər də öz əksini tapmışdır. Bu cür yeni dilçilik terminlərinin lüğətdə  əksini tapması müsbət hadisədir. Təqdim olu­nan termin və anlayışların  məqalələr şəklində verilməsində əlifba prinsipi əsas götürülmüşdür. Belə yanaşma terminlərin Azərbaycan dilində geniş izahının asan əldə edil­məsinə kömək edir. Bu sahədə mövcud olan terminləri toplayıb izahını verməklə ixtisas sahibi olan mütəxəssislərin  o cümlədən, dilçilik əsərlərini oxuyarkən ortaya çıxan çətinlikləri mümkün qədər qarşısını almaq məqsədi daşıyır.

         Azərbaycan dil­çi­li­yində riyazi dil­çilik, koq­nitiv dilçilik, mətn dilçiliyi, sosiolinqvistika, kompüter dilçiliyi kimi yeni sa­hə­lə­rin formalaşması onun ter­mi­nolo­gi­ya­sı­nın zənginləşməsinə, inkişaf et­mə­sinə təkan verdi. Bu inkişaf və zən­ginləşmə yeni lüğətdə özünü bariz şəkildə göstərir. Lüğətə Azərbaycan Res­publikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova geniş ön söz yazmışdır. Professor bu­rada lüğətin əsas prinsiplərini və meyarlarını şərh etmişdir.

Məlumdur ki, dilçilikdə işlədilən terminlərin bir qismi ortaq, həmhüdud terminlərdir. Yəni dilçilikdə işlədilən bəzi terminlər digər elm sahələrində də işlədilir. Ancaq spesifik dilçilik terminləri də mövcuddur. Yeni lüğətdə hər iki tipli terminlər öz əksini tapmışdır. Lüğətin müsbət məziyyətlərindən biri də budur ki, orada hər bir terminin anlamı, terminoloji funksiyası  haqqında geniş məlumat verilir. Yeni lüğətin dili və üslubu çox anlaşıqlıdır. Lüğətin baş re­dak­tor­ları: akademik İsa Həbibbəyli və akademik Möhsün Nağısoylu, elmi redaktoru – pro­fes­sor Sayalı Sadıqova, rəyçilər: akademik Nizami Cəfərov və professor Qəzənfər Ka­zımov­dur. Lüğət, xüsusilə,  filoloqlarımız, dilçi-alimlərimiz üçün çox dəyərli bir mənbədir. İnanırıq ki, bu lüğət hər bir Azərbaycan dilçisinin stolüstü kitabı ola­caqdır. Onu da qeyd edək ki, yüksək elmi səviyyədə hazırlanmış “İzahlı dilçilik terminləri lü­ğəti”  müasir tələblərə tam cavab verir və yüksək poliqrafik səviyyədə nəşr olunmuşdur. Hətta türk xalqları dilçiliyində akademik lüğətin tərtibində nümunəvi bir mənbədir. Sistemləşdirmə, tərtib etmə, sözlük baxımından səciyyəvi olan bu  lüğət gələcəkdə yaranan terminoloji ensiklopediyalar üçün baza hesab edilə bilər.

 

Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.